“Cəlaləddin Mənquberdi ensiklopediyası” nəşr olunub
Ensiklopediyaya Azərbaycan xalqının iki oğlu - Ziya Bünyadov və Maqsud Şeyxzadə haqqında geniş məlumat daxil edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Daşkənddəki “Mənəviyyat” nəşriyyatında Azərbaycanda məşhur sərkərdə, dövlət xadimi kimi tanınan Cəlaləddin Mənquberdi haqqında ensiklopediya nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almas Ülvi (Binnətova) məlumat verib. O bildirib ki, Özbəkistan Respublikası Nazirlər Kabinetinin, Mənəviyyat və Maarifçilik Mərkəzinin, Xarəzm Vilayəti Hökumətinin, Xarəzm Məmun Akademiyasının, Cəlaləddin Mənquberdi Fondunun təşkilatçılığı ilə nəşr olunan ensiklopediyaya böyük sərkərdə və dövlət xadiminin mənsub olduğu Xarəzmşah-Anuştəqini, dövlət idarəsi, məmurları, onların vəzifələri, şəhər və qalaları, bərpa edilən bina və tikililəri, Çingiz xanın başçılıq etdiyi monqol istilası, aparılan müharibələr, onların taktika və strategiyası, Mənquberdinin mübarizələri, onun həyat və fəaliyyətinə dair dünya tarixşünaslığında yaradılmış tədqiqat əsərlərindən geniş məlumatlar daxil edilib. Professor Bəhram Abduhəlimov, fəlsəfə doktorları Ümid Bekmühəmməd, Bekzad Abdirimov, tarixçi Qulomjon Atajonov tərəfindən hazırlanmış ensiklopediya materialları əlifba sırası ilə verilib, məqalələrdəki sözlərin etimologiyası və transkripsiyası konkret ardıcıllıqla tərtib edilib, qeyd olunan fikir və düşüncələri əhatə edən konsepsiya haqqında ətraflı məlumat üçün mühüm ədəbiyyatın siyahısı (biblioqrafiya) göstərilib.
Qeyd edək ki, müstəqillik illərində Özbəkistanda “Daşkənd” ensiklopediyası, “Uşaq ensiklopediyası”, “Qadın ensiklopediyası” və 12 cildlik “Özbəkistan milli ensiklopediyası” kimi nəşrləri, xüsusilə “Beynəlxalq Babur Fondu”nun təşəbbüsü, maddi və mənəvi dəstəyi, fondun sədri, professor Zakircon Məşrəpovun birbaşa səyləri ilə hazırlanan “Zəhirəddin Məhəmməd Babur ensiklopediyası”nı mənəvi hədiyyə kimi dəyərləndirmək mümkündür. “Cəlaləddin Mənquberdi ensiklopediyası”nın hazırlanmasında məhz bu təcrübələr əsas götürülüb. Ən mühüm mənbə Azərbaycanın böyük övladı Ziya Bünyodovun “Xarəzmşah-Anuştəqin dövləti” monoqrafiyası olub. Ensiklopediyada akademik Ziya Bünyadovun əsərindən istifadə edilib və mənbə olaraq həmin əsərə istinad olunub. Həmçinin ensiklopediyada Azərbaycan xalqının iki oğlu - Ziya Bünyadov və Maqsud Şeyxzadənin həyat və fəaliyyətinə geniş yer verilib. Xarəzm Məmun Akademiyasının böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Ümid Bəkmühəmmədin verdiyi məlumata görə, ensiklopediyanın sonuna Maqsud Şeyxzadənin “Cəlaləddin Mənquberdi” dramının beşinci pərdəsinin birinci səhnəsi əlavə olunub.