Cəlil Xəlilov: Veteranlara göstərilən dövlət qayğısı Heydər Əliyev dövründə yüksək səviyyəyə qaldırılıb
Bakı, 6 aprel, AZƏRTAC
Veteranlara göstərilən dövlət qayğısı və onlara münasibət Heydər Əliyev dövründə yüksək səviyyəyə qaldırılıb.
Ulu Öndər Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Veteranlar bu münasibəti yüksək qiymətləndirir, göstərilən qayğı və diqqəti minnətdarlıqla qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hərbi vətənpərvərlik sahəsində fəaliyyət göstərən təşkilatların iştirakı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirdi. Konfransda müxtəlif veteranlar təşkilatlarının rəhbərləri çıxış edərək Heydər Əliyevin həm sovet ittifaqı, həm də müstəqillik dövründə ölkəmizə rəhbərlik edərkən Azərbaycan veteranları və Vətən qarşısında xüsusi xidmətlərini minnətdarlıqla xatırladılar.
“İnanırıq ki, bu gün tədbirdə iştirak edən gənclər konfransdakı çıxışlardan Heydər Əliyevlə bağlı dəyərli fikirlərdən, onunla əlaqəli tarixi faktlardan özləri üçün nümunə götürəcəklər. Gənclər gələcəkdə öz işlərində və inkişaflarında Heydər Əliyev məktəbindən və onun böyük təcrübəsindən faydalanacaqlar. Bu gün Azərbaycanda və ondan kənarda Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi öyrənilir. Biz veteranlar da fəxr edirik ki, bu dahi şəxsiyyətin dövründə çalışmışıq. Onun veteranlar hərəkatının formalaşmasında və inkişafındakı xidmətlərini xatırlamağa özümüzə borc bilirik”, - deyə polkovnik vurğulayıb.