MƏDƏNİYYƏT
Cenevrə siti-breyklər üçün ən yaxşı istiqamət hesab edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Turizm sahəsində ildə bir dəfə təqdim edilən prestijli “World Travel Awards” mükafatlarının təqdim edilməsi mərasimi bu il Sankt-Peterburqda keçirilib. Həmin mərasimdə Cenevrə dalbadal üçüncü dəfə Avropada siti-breyklər (müəyyən şəhərlə qısa müddətdə tanış olmaq üçün səyahətlər) üçün ən yaxşı istiqamət hesab edilib.
AZƏRTAC xəbər verir ki, bu mükafat öz əhəmiyyətinə və nüfuzuna görə kino sənayesində “Oskar” mükafatı ilə müqayisə edilə bilər. Cenevrə şəhərinin təbii gözəllikləri, onun turistlər üçün eksklüziv təklifləri və müasir rəqəmsal texnologiyaların tətbiqi sahəsində uğurları həftəsonu turlar üzrə rəqiblər arasında ideal lokasiya statusunu möhkəmlədib.
İsveçrənin bu nominasiyada üç dəfə qalib gəlməsi özünəməxsus nailiyyətdir. 2014-cü və 2015-ci illərdə Paris, London və Venesiyanı geridə qoymuş Cenevrə builki onlayn səsvermədə Amsterdam, Kopenhagen və Roma kimi nominantlarla ciddi rəqabətdə üstün gəlib. “Geneva Tourism” şirkətinin direktoru Filip Vinyon deyib: “Artıq neçə ildir ki, bu sahənin yüksək artım potensialını lazımınca qiymətləndirərək Cenevrənin turizm istiqaməti kimi təbliği üzərində işləyirik. Biz fəxr edirik ki, bu mükafat Cenevrədə əlaqədar tərəflərin, o cümlədən bizim komandamızın səylərini doğruldur. Bu uğur bir daha təsdiq edir ki, Cenevrə Avropada unudulmaz həftəsonu keçirmək arzusunda olan turistləri cəlb etmək üçün bütün zəruri şərtləri ödəyir”.
Təltifetmə mərasimində iştirak edən turizm sənayesi nümayəndələri Cenevrəni cəlbedici turizm istiqaməti kimi yüksək qiymətləndirərək qeyd ediblər ki, bu şəhərə gələnlərə yüksək keyfiyyətli xidmətlər təklif edilir. Eyni zamanda Avropanın digər iri şəhərlərindən fərqli olaraq burada kütləvi turizmə xas olan xidmətlər istisna edilir. Alp dağlarının ətəyində, Cenevrə gölünün sahilində yerləşən Cenevrə şəhərinin bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla aviasiya xətləri və yerüstü yollar sayəsində oraya gediş-gəliş asandır. Cenevrə otellərində müsafirlərə məxsusi olaraq istirahət günləri üçün qüsursuz servis xidmətləri təklif olunur. Bundan əlavə, Cenevrəyə gələn turistlərin bu şəhərdəki 40-dan çox turizm obyektinə ictimai nəqliyyatla pulsuz getməsi, güzəştli tariflər üzrə zəngin mədəni proqram, hətta fərdi turlar təşkil edilir. Bütün bunların sayəsində Cenevrə Avropada istirahət günü turları üçün ideal istiqamətdir.