Cənub bölgəsində ekoloji vəziyyətə təsir edən problemlər araşdırılır
Bakı, 27 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşları Masallı, Astara və Lənkəran rayonlarında ekspedisiya aparıblar. Tədqiqatın nəticələrinə əsasən, regionda ekoloji vəziyyətə ən ciddi təsir göstərən problem bərk məişət tullantılarının düzgün idarə olunmamasıdır.
Bu barədə AZƏRTAC-a coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov məlumat verib. Onun sözlərinə görə, tullantıların sistemsiz şəkildə toplanması, eləcə də tez-tez açıq sahələrə və çay yataqlarına atılması torpaq və su mühitinin ikinci dərəcəli çirklənməsinə səbəb olur.
Alim qeyd edib ki, bu hallar urban landşaftların estetik görünüşünü pozmaqla yanaşı, ekosistemlərin dayanıqlığını zəiflədir. Tullantıların parçalanması nəticəsində yaranan zərərli maddələr torpağa və yeraltı sulara nüfuz edərək uzunmüddətli ekoloji problemlər yaradır.
Bundan əlavə, urban genişlənmə və kənd təsərrüfatının intensiv inkişafı da torpaq örtüyünün deqradasiyasına səbəb olur. Bu amillər ümumilikdə regionun turizm potensialına mənfi təsir göstərir.