“Chatham House”da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi” mövzusunda tədbir keçirilib VİDEO
London, 30 sentyabr, AZƏRTAC
Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutu - “Chatham House”da “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri, akademik dairələrin üzvləri, tədqiqatçılar, regiona maraq göstərən ekspertlər iştirak ediblər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, ADA Universitetinin dosenti Kavus Abuşov tədbirdə çıxış ediblər.
R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verib. O, beynəlxalq qurumları məsələyə daha ciddi yanaşmağa və münaqişənin tez bir zamanda həll edilməsi üçün daha böyük səylər göstərməyə çağırıb. Bildirilib ki, münaqişənin həllinə dair Azərbaycan hökumətinin mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasını nəzərdə tutur.
K.Abuşov doğma torpaqlarımızın işğalçı ölkə tərəfindən zəbt edildiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdıraraq deyib ki, dünyadakı digər münaqişə ocaqlarında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə də, Xocalı soyqırımı kimi faktlara da ciddi yanaşılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London