Çaylarda sululuq artıb
Bakı, 10 iyun, AZƏRTAC
Ötən gün ərzində ölkə ərazisində yağan leysan yağışlar nəticəsində respublikamızın çaylarında sululuğun artımı müşahidə olunub. Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-12, Kiçik Qafqazın çaylarında 10-20, Lənkəran-Astara bölgəsi çaylarında 25-35 santimetr artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 100-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-120 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 410 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 89 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 284 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 363, Salyanda 127, Bankədə 197, Novruzlu məntəqəsində isə 70 santimetrdir.