ÇEMPİONLAR LİQASI TURNİRİNİN DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNİN DAHA İKİ OYUNU KEÇİRİLMİŞDİR
“Jerlan” stadionunda keçirilmiş “Lion”-“Milan” oyununda hər iki komandanın səylərinə baxmayaraq, hesab açılmamışdır – 0:0. İtalyanların baş məşqçisi Karlo Ançelottinin fikrincə, Milanda keçiriləcək ikinci oyun ərəfəsində klubların yarımfinala çıxmaq şansları bərabərdir. Oyunun birinci hissəsində komandasının daha yaxşı oynadığını söyləyən K.Ançelotti bildirmişdir ki, əlbəttə, oyun 1:1 hesabı ilə qurtarsaydı, daha yaxşı olardı, lakin, 0:0 da ”Milan” üçün qənaətbəxşdir. “Lion”nun baş məşqçisi Jerar Ulye isə komandasının oyunun ikinci hissəsində gözəl oynadığını, lakin 2-3 dəfə əla top vurmaq şansını əldən verdiyini qeyd etmişdir. Onun sözlərinə görə, komandanın lideri – braziliyalı Juninyo Pernambukanonun cəriməli olduğundan oynamaması da nəticəyə təsir göstərmişdir.
Xatırladaq ki, son üç ildə “Lion” hər dəfə Çempionlar liqasının dörddəbir final mərhələsinədək yüksəlmiş, lakin, 2004-cü ildə Portuqaliyanın “Portu”, 2005-ci ildə isə Hollandiyanın “PSV Eyndhoven” komandalarına uduzmuşdur. Görəsən, bu dəfə necə olacaq, ənənə pozulacaqmı?
Milanın “San-Siro” stadionunda keçirilmiş ikinci oyunda isə yerli “İnter” klubu artıq 1-ci dəqiqədə qapısından top buraxmış, 7-ci və 54-cü dəqiqələrdə iki qol vuraraq, çətin qələbə qazanmışdır – 2:1. “Vilyarreal”ın baş məşqçisi Manuel Pelleqrininin fikrincə, bu hesab “İnter” kimi güclü komanda ilə rəqib meydançasında oynamış ispanlar üçün heç də pis deyil. Özgə meydançasında vurulmuş qol isə ikinci görüşdə həlledici ola bilər.
“İnter”in baş məşqçisi Roberto Mançini də oyunun nəticəsindən razı qalmış, cavab görüşündə uduzmayacaqlarını, İspaniyada komandanın liderlərindən biri – Fiqunun da oynayacağına ümid etdiyini bildirmişdir.