Çexiya: gözümlə gördüklərim
Bakı, 14 iyun, AZƏRTAC
Əvvəllər sosialist Çexoslovakiyanın tərkib hissəsi, indi isə müstəqil dövlət olan Çex Respublikası haqlı olaraq dünyanın ən məşhur turizm mərkəzlərindən biri sayılır. 2015-ci ildə Çex Respublikasında səfərdə olmuş bütün xarici turistlərin sayı rekord həddə, 8,69 milyon nəfərə çatıb. Təəccüblü deyil, çünki bu bərəkətli diyarda memarlıq abidələri saysız-hesabsızdır, təbiət isə Çexiyaya elə səxavət göstərib ki, gözəlliklərə heyran qalırsan. Azərbaycanlı turistləri Çexiyanın gəzməli-görməli yerləri ilə tanış etmək üçün “Sis Tour” şirkətinin operatoru və “CzechTourism” Milli Turizm İdarəsi Çexiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə jurnalistlər üçün mətbuat turu təşkil edib. Təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik.
Gözəl təbiət və tərcümənin çətinlikləri
Reportajımızda Çexiyadakı istirahətin orta statistik azərbaycanlı turistləri maraqlandıra biləcək nüanslara toxunmağı qərara aldıq. Bir şərtlə ki o, dindar müsəlman olsun. Buna görə də donuz qızartması və pivə ənənələri haqqında danışmaq haqqını digər müəlliflərə verək, onsuz da internet belə məlumatlarla doludur. Bizi daha çox Çexiya memarlığı maraqlandırır. Burada qədim qəsrlər müasir memarlığın şah əsərləri ilə yan-yana durur. Bununla bərabər, maraq dairəmizdə mineral bulaqları ehtiyacı olanlara şəfa verən Çexiya təbiəti var. IV Karl və Frans Kafkanın Çexiyası, minlərlə soydaşımızın yaşadığı, çalışdığı və təhsil aldığı qonaqpərvər Çexiyadan söz açmaq istəyirik.
Çexiyada səyyahın gözünü alan ilk və ən gözlənilməz şey təbiətin rəngarəngliyidir. Təyyarənin pəncərəsindən geniş meşələr və qızılı çəmənlər, güzgü kimi hamar su hövzələri görünür. Nahaq yerə demirlər ki, Çexiya ölkə yox, rahat bağdır. Həqiqətən də burada hər yer yaşıllıq içində “boğulur”. Öncədən deyək, təbiətdən zövq almaq üçün Çexiyada sayı dörd olan milli parklara getməyə ehtiyac yoxdur. Praqanın mərkəzindən axıb gedən Vltava çayında buradakı balıqlarla qidalanan ördək və əzəmətli ağ qu quşu dəstələri ilə qaynayır. Praqadan istənilən istiqamətdə bir neçə kilometr uzaqlaşmaq kifayətdir ki, qarşınızda mənzərəli meşələr və göllər olan mənzərə açılsın. Paytaxtdan 30 kilometr uzaqlıqdakı kənd yerində, meşə kənarında otlayan cüyürləri öz gözümüzlə gördük. İnsanları görən heyvanlar yavaş-yavaş qalın ağaclıq arasında gözdən itirlər. Təbii düşmənləri olmadığından (canavarlar yüz il əvvəl məhv edilib) Çexiya meşələrində maral, qaban, dovşan, qırqovul və digər vəhşi heyvanlar özlərini sərbəst hiss edirlər. Bir vaxtlar hər qala və sarayın öz ov təsərrüfatı vardı. Bu gün yerli əhalinin ən populyar fəaliyyət növlərindən biri ovçuluq və balıqçılıq hesab olunur. Demək olar ki, hər bir restoranın menyusunda ənənəvi reseptlə hazırlanan quş əti var. Ağzının dadını bilənlər qızardılmış çay karpı, alabalıq və ya qızılbalığa biganə qala bilmir. İstənilən supermarketdə qurudulmuş mərsin ala bilərsiniz. Çexlər bu giləmeyvəni çox xoşlayır, bir də duzlu meşə göbələyini.
Təbiətə ehtiramlı münasibəti ən azı bir fakt sübut edir: şose yolu boyunca sıx böyüyən meşə sonadək hər iki tərəfdən güclə sezilən yumşaq məftillə mühafizə olunub. O, heyvanlar yola çıxmasın deyə yetərincə hündür və eyni zamanda heyvanlar yaralanmasın deyə elastikdir.
Ölkədə aqrar ənənələr həddən artıq güclüdür, fermer təsərrüfatları yaxşı inkişaf edib. Məsələn, Praqadan Karlovıya gedən yolda biz böyük alma bağları gördük, onlar yol kənarı ilə uzanıb gedirdi, budaqlarda yetişmiş parlaq qırmızı meyvələr göz oxşayırdı. Eləcə də üzümlüklərə rast gəldik. Bütün magistral şose boyu gözümüz şumlanmış əkin, yaxud artıq təmizlənmiş sahələri və səliqə ilə paketlənmiş ot tayalarını alırdı. Pastoral, yağlı boya ilə çəkilmiş rəsm.
Çexiyada bu cür ekoloji idilliyanın saxlanımasının səbəblərindən biri də alternativ enerji mənbələrindən geniş istifadədir. Bir çox bölgələrdə bütöv sahələr günəş batareyalarının güzgülü panelləri üçün ayrılıb, orada-burada külək generatorlarının nizamlı cərgələri gözə dəyir. Günəş, külək və su kimi üç ünsürə bolluca malik olan Azərbaycanın kiçik, lakin uzaqgörən Çexiyanın qabaqcıl təcrübəsinə diqqət yetirməsi yaxşı olardı.
Rusdilli şəxsin Çexiyada qarşılaşacağı daha bir xoş sürpriz dil baryerinin olmamasıdır. Demək olar ki, bütün çexlər rus dilini başa düşür, çoxları, xüsusilə yaşlı nəsil rusca fikirlərini sərbəst ifadə edir. Sosialist keçmişdə Çexoslovakiyada məktəblərdə rus dilinin tədrisi icbari idi, bu gün isə şagirdlər digər dillərlə yanaşı, xarici dil kimi rus dilini də seçim əsasında öyrənirlər. Bundan əlavə, çex və rus dilləri arasında müəyyən oxşarlıq var. Lakin istənilən bələdçi sizi xəbərdar edəcək ki, bu dillərdə olan bəzi sözlər bir-birinə zidd məna daşıyır.
Kurort üçbucağı, yaxud Karl Varını necə kəşf etdi
Təşkilatçıların niyyətinə əsasən marşrutumuzda ilk dayanacaq məşhur kurort şəhər Karlovı Varı (Karlsbad) oldu. Ümumiyyətlə, Çexiya başdan-başa mineral bulaqlarla zəngindir. Bu çeşmələr Moraviyada, Mərkəzi Bohemiyada, hətta ölkənin şimalında da var. Lakin müalicəvi sular ən çox Qərbi Bohemiyadakı “kurort üçbucağı”nda cəmləşib: Karlovı Varı, Marianskiye Lazne və Frantişkovı Lazne şəhərləri. İlk iki şəhərə baş çəkə bildik.
Karlovı Varı şəhəri Praqadan 120 kilometr məsafədə, Tepla çayının vadisində, mənzərəli dağ ətəyində yerləşir. O, Avropada ən qədim kurortlardan biri sayılır. Karlovı Varı haqqında ilk qeyd 1350-ci ilə aiddir. Onun tarixi maraqlıdır. Əfsanəyə görə, XIV əsrdə müalicəvi bulaqları təsadüfən imperator və kral IV Karlın ovçu ətrafı aşkar edib. Maralı izləyən ovçular uçurumun kənarına, qatı buxarın havaya qalxdığı yerə gəlib çıxıblar. Maral ox kimi atılaraq gözdən itib. Uçurumun dibinə enən ovçular suyu isti olan bulaq aşkar ediblər. Hər şeyə maraq göstərən IV Karl isti su mənbəyində çimmək qərarına gəlir və bundan sonra onun oynaqlarında ağrılar dayanır. Kral bulağın olduğu yerdə yeni şəhərin təməlini qoymağı buyurur. Bu gün IV Karlın ilk dəfə vanna qəbul etdiyi yerdə şəhər ratuşası ucalır. Maralın atıldığı qayanın yerindəsə abidə durur. Qayanı isə “Maral sıçrayışı” adlandırırlar.
Karlovı Varı sanatoriya şəhəridir, onun bütün həyatı tarixi mərkəzdə cəmlənib, müalicəvi bulaqların əksəri buradadır. Tipik şəhər mənzərəsi belədir: yeraltı sularla isinən və qışda da donmayan Tepla çayının sahilində yavaş-yavaş gəzişən kurortun qonaqları. Çayda balıq boldur, suyun üzündəsə vəhşi ördək dəstələri üzür, turistlər quşlara çörək qırıntıları atır.
Şəhərin hər addımında otellər, qonaq evləri və kirayə verilən mənzillər yerləşir. Onların ümumi sayı 2 min obyektdən çoxdur. Otellər arasında ən qədimi və ən məşhuru “İmperial” və qrand-otel “Pupp”, 2006-cı ildə Ceyms Bond haqqında filmlərdən birinin çəkildiyi “Kazino Royal”dır.
Mərkəzdən kənarda sakit həyat hökm sürür, əsasən yerli sakinlərin bazarlıq etdiyi hipermarketlər fəaliyyət göstərir. Mərkəzdə böyük mağazalara rast gəlməzsiniz, yalnız kiçik butiklər, suvenir dükanları və şirniyyat mağazaları var. Hətta alış-veriş mərkəzləri tarixi binalarda yerləşir və köhnə Bakı “BUM”unu xatırladır. Küçələrdə maşın azdır, taksi əvəzinə atlı karetalardan istifadə olunur.
Karlovı Varıda istirahət edənlərin 90 faizi Rusiya və keçmiş Sovet İttifaqı vətəndaşlarıdır. Burada almanlar da az deyil. Almaniyanın ən yaxın şəhəri Drezdendən Karlovı Varıya maşınla 2 saatlıq yoldur. Dünyanın dörd bir yanından gələn asiyalılar da çoxdur. Yerli otel sahiblərinin sözlərinə görə, azərbaycanlılar da Karlovı Varıya tez-tez qonaq gəlir. Bir qayda olaraq, həmvətənlərimiz əlverişli hava şəraitində, məzuniyyət mövsümündə, avqust ayında gəlməyə üstünlük verirlər.
Yeri gəlmişkən, hava haqqında. Günəşli hava burada yağışla əvəzlənə bilər. Buna görə də (xüsusilə payızda) bir çoxları gəzintiyə çətirlə çıxır. Qeyd edim ki, gəzinti kurort müalicəsinin ayrılmaz hissəsidir. Mineral suyu çeşmənin yaxınlığında içmək tövsiyə olunur. Kimyəvi tərkibi eyni olan bu bulaqların sayı 12-dir, lakin onlar Selsi üzrə temperaturu 30-dan 72 dərəcə qədər olan müxtəlif karbonat tərkiblidir. Karlovı Varıda şüşələrə doldurulmuş sulara rast gəlməzsiniz, çünki soyuduqda o, xüsusiyyətlərini itirir. Eyni zamanda, suyu içərkən dişin minası ilə uzun müddətli təmasdan yayınmaq gərəkdir. Buna görə də mənbələrin yaxınlığında dayanan kurortun qonaqları suyu hər addımda satılan, kokteyl samanına oxşar “dimdikli” xüsusi parçla içirlər.
Müalicə hava şəraitindən asılı olmadığına görə çeşmələrin üzərində əzəmətli sütunlu talvarlar (ümumi sayı 5-dir) quraşdırılıb. Kurort zonasının mərkəzində ən güclü və isti Karlovı Varı çeşməsi Qeyzer yerləşir. Onun fəvvarəsinin hündürlüyü 12 metrə, torpağın altından çıxan mineral suyun temperaturu isə 72 dərəcəyə çatır. Fəvvarənin olduğu otaqda kurorta gələnlər müalicəvi buğla nəfəs alırlar. Bundan əlavə, sütunların altından su sanatoriya və kurort mehmanxanalarına çatdırılır, orada içmək və vanna qəbulu üçün istifadə olunur.
Karlovı Varıda hər tərəfə zəngin dəbdəbə ilə bəzədilən evlərin aristokratlığı və təmtərağı hopub. Eyni küçələrdə I Pyotr, Bax, Göte, Kazanova və Bethovenin də addımlamasını bilmək burada adama xüsusi və unikal ruh yüksəkliyi verir.
Kral şüşəsi və Marianskiye Lazne
Karlovı Varı təkcə müalicə və istirahət deyil. Bu şəhər həm də kinofestivalı və “Moser” şüşə istehsalı ilə məşhurdur. “Thermal” otelində hər ilin iyul ayında keçirilən kinofestival “A” kateqoriyasına aid edilir və bura ulduzlar toplaşır. Müxtəlif illərdə Karlovı Varıda Mel Gibson, Con Travolta və digər məşhurların olması hər kəsin dilindən düşmür. Karlovı Varıda keçirilən beynəlxalq kinofestivalın “Ən yaxşı film” üçün əsas mükafatı “Büllur qlobus”dur. Artıq neçə ildir ki, o, məşhur şüşə fabriki “Moser”də istehsal edilir.
Çexiya Respublikasında şüşə istehsalı çoxəsrlik ənənəyə malikdir və onun inkişafında əhəmiyyətli yeri “Moser” zavodu tutur. Bu zavod çex şüşə sənayesinin incisi hesab olunur, süfrə və dekorativ şüşə sənətkarlığının zirvəsi sayılır.
Karlovı Varıda olarkən “Moser” şüşə zavoduna və muzeyinə ekskursiyada mütləq iştirak edin. Onda biləcəksiniz ki, bu şirkətin tarixi 1857-ci ildən başlayır. Həmin vaxt şüşə qravüraçısı Lüdviq Moser (1833-1916) kiçik emalatxana və kurortun varlı qonaqlarına məmulat satan mağaza təsis edib. Zamanla şüşə istehsalı burada elə təkmilləşdirilib ki, sərvət, zərif estetik duyğu və ehtiram rəmzi olub. “Moser” şüşə zavodu tərkibində qurğuşun olmayan büllur istehsalı ilə, büllurlar isə parlaq rəngləri və orijinal dizaynı, əl cilalaması və gözəl oymaları ilə məşhurdur. Şüşənin ənənəvi texnika ilə bəzədilməsi (bədii oyma, qızılla bəzəmə və s.) bu şirkətin məhsullarını fərqləndirir. Deyirlər ki, “Moser” şüşəsi İngiltərə Kraliçası II Elizabet, İspaniya Kralı I Xuan Karlos, Norveç Kralı VII Hokon və Yapon İmperatoru Akihitonun sarayında masaları və rəfləri bəzəyir. Zavodda ekskursiya zamanı əridilmiş şüşədən gözəl məmulatların necə hazırlandığını öz gözlərinizlə görmək, büllur istehsalının incəliklərini öyrənmək olar. Yeri gəlmişkən, xoşunuza gələn məhsulları elə burada, “Moser”in firma mağazasında əldə edə bilərsiniz.
Karlovı Varıdan 48 kilometr məsafədə daha bir kurort şəhəri Marianskiye Lazne yerləşir (“Lazne” çex dilində “hamam” deməkdir). O, Çexiyanın ölçüsünə görə ikinci kurort şəhəridir. Marianskiye Laznenin yerləşdiyi vilayət həddən artıq mənzərəli və müalicəvi təbii bulaqları ilə son dərəcə zəngindir. Kurortun yaxınlığında 60, özündə isə 40 çeşmə var. Tərkibində karbon dioksid, mineral duz və dəmir olan bu çeşmələrin əksəri Karlovı Varıdakı bulaqlardan fərqli olaraq soyuqdur.
Şəhər üç tərəfdən iynəyarpaqlı sıx meşə ilə əhatə olunub. Buranın havası əvəzolunmazdır, fitonsidlərlə doludur. Marian-Lazne və ya Marienbad tarix və müasirliyin qovuşduğu, məzuniyyət keçirməyin, idman və gəzinti ilə məşğul olmaq üçün əla şəraitin olduğu və bütün bunları zəngin mədəni proqram ilə birləşdirən yerdir. Şəhərdə teatr, muzey, kitabxana, qalereya və klublar işləyir. Marienbadın memarlığı çox gözəldir, klassik üslubda tikilmiş mərkəzi sütunlar sırası xüsusilə qəşəngdir. Müəyyən edilmiş vaxtda hansısa məşhur musiqinin sədaları altında göy qurşağının bütün rənglərini əks etdirən fəvvarənin yanından sadəcə ötüb keçmək mümkün deyil.
Təbii ki, şəhərdə dəbdəbəli, habelə bir o qədər də baha olmayan çoxsaylı otellər fəaliyyət göstərir. Mehmanxanalar, bir qayda olaraq, müxtəlif müalicə prosedurları daxil olmaqla tam pansion təqdim edir. Yeri gəlmişkən, Marian Lazne və Karlovı Varıda maksimum müalicə effektinin əldə edilməsi məqsədilə ən azı 20 gün qalmaq lazımdır.
Biz isti və soyuq mineral bulaqların enerjisindən qüvvət alıb, təmiz dağ havasını ciyərlərimizə çəkib, səs-küylü, gur işıqları ilə bərq vuran, qədim tarixin və müasir coşqun həyatın qəribə şəkildə çulğaşdığı Praqaya yola düşdük.
Kimyagərlər, Kafka və Rəqs edən ev
Praqaya addımını qoyanda başa düşürsən ki, bu, turistlər şəhəridir. Tarixi mərkəzdə, necə deyərlər, iynə atsan, yerə düşməz. Dünyanın hər yerindən gələn, müxtəlif millətlərə və irqlərə mənsub, hər kəsin öz dilində danışdığı adamların izdihamı adamı heyrətə salır. Bəziləri möhtəşəm memarlıq tikililərinə heyranlıqla baxır və daha çox qiymətli kadrlar çəkmək istəyir, digərləri çoxsaylı dükanlarda suvenirlər seçir, kimi isə ekskursiyaçılar qrupuna rəhbərlik edən bələdçinin ardınca tələsir. Maraqlıdır ki, bələdçilər bu xaosda “öz” ekskursantlarını itirməmək üçün ucuna bayraq, yumşaq oyuncaq və s. bərkidilmiş uzun ağacla gəzməyə alışıblar. Bunu görən turist izdihamın içində asanlıqla öz qrupunu tapa bilər.
Praqaya bu cür canlı maraq təsadüfi deyil, burada, həqiqətən də, baxılası yer çoxdur. Praqanı çox vaxt “şəhərlər şəhəri” adlandırmaqla onun memarlıq və mənəvi zənginliyini və xüsusilə bənzərsiz cazibədarlığını vurğulamağa çalışırlar.
Biz, vaxtilə imperator və kral şəhəri olmuş bu məkanın şanlı tarixi ilə tanışlığımızı Praqa qradından - bina, məbəd və istehkam komplekslərindən ibarət qəsrdən başladıq. Çexiyada hər kvadratmetrə düşən memarlıq və tarixi abidələrin (Zlata küçəsi, Müqəddəs Vita kilsəsi, şəkil qalereyası və s.) sayına görə ən sıx yer məhz buradır. Bu gün Çexiya Prezidentinin iqamətgahı olan bu qəsr çex krallarının və Müqəddəs Roma İmperiyasının imperatorlarının iqamətgahı olub. Deyilənə görə, bu, sahəsinə görə dünyada ən böyük prezident iqamətgahıdır, habelə dünyada ən böyük qəsrdir.
Praqa qradında başlıca şou - Prezident sarayında müəyyən cədvəl əsasında fəxri qarovulun dəyişməsidir. Bu prosesin tamaşasına çoxlu turist toplaşır. Günorta müəyyən edilmiş vaxtda şeypur səsləri eşidilir və qvardiyaçılar dəqiq addımlarla posta yönələrək öz yoldaşlarını əvəz edirlər. Elə bu meydanda çox maraqlı personajları, o cümlədən cəngavər və kral geyimində aktyorları, küçə musiqiçilərinin çıxışlarını və s. görmək olar.
Qradın ən qədim hissəsində Müqəddəs Vita kafedral kilsəsi yerləşir. Bu gözəl qotik tikili şəhərin “vizit kartı”dır. Kilsənin indiki binası 1344-cü ildən başlayaraq bir neçə mərhələdə tikilib. Kilsənin tikintisi tam olaraq XX əsrin əvvəlində başa çatıb. Kilsəyə giriş pulsuzdur. İçəridə tamaşaçıların gözü önündə təsiredici mənzərə - 33,5 metr hündürlüyündə qübbəsi və rəngarəng pəncərə vitrajları olan neoqotik memarlıq abidəsi canlanır.
Qalanın hüdudlarında “Zlata uloçka” adlanan hasarlanmış bir neçə xırda evdən ibarət dalan yerləşir. Əfsanəyə görə, burada Müqəddəs Roma İmperatoru II Rudolfun “fəlsəfə daşını” tapmağa çalışan kimyagərləri yaşayıblar. XX əsrin böyük yazıçısı Frans Kafka isə buradakı 22 nömrəli evdə iki il yaşayıb. Bu gün bu küçə turistlər arasında çox populyardır. Evləri müxtəlif qaleraya və ekspozisiyaları olan suvenir dükanlarına çeviriblər.
Gəzintidən sonra Praqa qradı ətrafındakı bağların terraslarında dincəlmək və Mala Strana rayonunun dar-dolanbac küçələrində gəzişmək olar. Gücümüzü toplayıb Praqanın ən görməli yerlərindən birinə - Mala Strana və Staroye Mesto tarixi rayonlarını birləşdirən Karl körpüsünə doğru yollandıq. Bu körpünü təsvir edərkən ağla ancaq sifətlərin çox məşhur, çox gözəl və qocaman kimi üstünlük dərəcəsi gəlir. 16 dayaq üzərində dayanan körpünün uzunluğu 516 metr, eni 10 metrdir. Körpünün inşasına 1357-ci ildə İmperator IV Karlın göstərişi ilə başlanılıb. Əgər turistlərin izdihamı sizi narahat edirsə, onda körpüyə səhər tezdən gəlin. O vaxt siz burada rahat-rahat gəzişib, əcaib heykəlləri kameranıza çəkə bilərsiniz.
Qotik gözəlliyi ilə şöhrət qazanan Praqada unikal küçələrin sayı çoxdur. Vinarna Çertovka adını daşıyan belə küçələrdən biri Frans Kafka Muzeyinin və Karl körpüsünün yaxınlığında yerləşir. Praqanın ən dar küçəsi olan Vinarna Çertovkanın eni cəmi 70 santimetrdir. İki ev arasından keçən bu küçədə yalnız bir adam hərəkət edə bilər. Pərtlik olmasın deyə iki insanın üz-üzə gəlməməsi üçün küçənin hər ucunda piyadalar üçün xüsusi svetoforlar qoyulub.
Praqanın tarixi mərkəzinə kiçik gəzintimiz qotika, renessans, barokko, rokoko kimi müxtəlif memarlıq üslublarında fasadları olan şəhər evlərinin əhatəyə aldığı Staromestskaya meydanında başa çatdı. Məşhur astronomik saat - Praqa kurantları məhz burada, XIV əsrə aid şəhər ratuşasının binasında quraşdırılıb. Hərəkət edən kukla, kürə və təqvimdən ibarət saat təkcə adi deyil, həm də Günəşin, Ayın, Qütb ulduzunun və bir neçə ulduzun vəziyyətini göstərən astronomik siferblata malikdir. Maraqlıdır ki, kurantların bütün orijinal fiqurları 1945-ci ilin mayında Praqanın atəşə tutulması zamanı yanıb külə dönüb. 1948-ci ildə onların surəti yaradılıb.
Praqa təkcə qədim memarlığı ilə məşhur deyildir. Çexiya paytaxtının mərkəzində “Rəqs edən ev”, yaxud “Cincer və Fred” adı ilə məşhur olan qeyri-adi bina yerləşir. Bu buna Praqanın ən “təzə” görməli yerlərindən biridir. Onun tikintisi 1996-cı ildə başa çatıb. Əvvəllər bu yerdə neoklassik üslubda bina yerləşib. Həmin bina 1945-ci ildə Praqanın amerikalılar tərəfindən bombalanması zamanı yerlə-yeksan olub. Sonra burada uzun müddət xarabalıq olub. Orijinal binanın tikilməsi ideyasını yaxınlıqda yaşayan Çexiyanın birinci prezidenti Vatslav Havelin adı ilə bağlayırlar. Novator siyasətçi V.Havel öz zövqünə uyğun layihə seçib: daşdan və şüşədən olan iki qüllə sanki bir-birinə sarmaşıb rəqs edən sevgililəri xatırladır. Memarlar bu layihəni 1940-cı illərdə Brodveyin ulduz cütlüyü Fred Asterin və Cincer Rocersin şərəfinə “Cincer və Fred” adlandırıblar. Hazırda binada ofis mərkəzi, damında isə fransız restoranı yerləşir. Restoranın pəncərələrindən Vltava çayına və Praqa qradına gözəl mənzərə açılır.
Sözardı yerinə, yaxud “bizimkilər” Çexiyada
Praqanın mərkəzində gəzişərkən dincəlmək və çay içmək üçün kiçik “Klarov” kafesinə gəldik. Tanış nitqi eşidən orta yaşlı bir kişi Bakıdan olub-olmamağımız barədə maraqlandı. Məlum oldu ki, kafenin sahibi artıq 10 ildən çox Çexiyada yaşayan azərbaycanlı İlqar Cəfərzadədir. O, buradakı həyatından çox razıdır, özünün biznesi var, sevimli işi ilə məşğuldur, uşaqlarını böyüdür. İlqarın sözlərinə görə, Çexiyada təhsil alan həmvətənlərimizin sayı az deyil. Burada Azərbaycan diasporu da fəaliyyət göstərir.
Maraqlıdır ki, Çex Respublikası Avropa İttifaqı ölkələri arasında Xocalı soyqırımını tanıyan qətnamə qəbul etmiş yeganə ölkədir. Çexiya və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə sabit inkişaf edir.
Hər il Çexiyaya təqribən 7-8 min azərbaycanlı turist gəlir. Onların çoxu Praqaya və Karlovı Varıya yola düşür. Halbuki başqa çox maraqlı yerlər də çoxudr. Bunlar həm Avropanın ən gözəl qədim şəhərlərindən biri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Çeski-Krumlov, həm Moraviyanın cənubunda yerləşən, böyüklüyünə görə Çexiyanın ikinci şəhəri sayılan Brno və bir çox digər yerlərdir.
Əlbəttə, səfərimizə ayrılan dörd gün ərzində Çexiyanı qarış-qarış dolaşmaq real deyil. Buna hətta bir ay da kifayət etməz. Amma dörd gün bu ölkəni sevməyimizə kifayət etdi. Çexiya barədə təəssüratlarımız və xatirələrimizi dostlarımızla bölüşmək və bu ölkəyə təkrar-təkrar dönmək ümidi ilə doğma Azərbaycana qayıtdıq.
Emil Eyyubov
məxsusi AZƏRTAC üçün