“Çin təhsili” qəzeti bu ölkədə Azərbaycan dili ixtisasının tədrisindən yazıb
Pekin, 13 oktyabr, AZƏRTAC
Çin Təhsil Nazirliyinin rəsmi orqanı olan “Çin təhsili” qəzetində Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili ixtisasının təşkili və inkişafı barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə xalqlar arasında mədəni körpünün qurulmasında xarici dillərin əhəmiyyəti qeyd olunub, bu baxımdan PXDU-də Azərbaycan dili ixtisasının tədrisinin Azərbaycanla Çin arasında elm-təhsil əlaqələrinin inkişafında əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, PXDU Çində Azərbaycan dili ixtisasının tədris olunduğu yeganə ali təhsil ocağıdır. 2022-ci ildə bakalavr təhsilini başa vuran universitetin Azərbaycan dili ixtisası üzrə ilk tələbələrinin əksəriyyəti hazırda Azərbaycanın və Çinin nüfuzlu universitetlərində magistr təhsili alır.
“Çin təhsili” qəzetinin məqaləsində AZƏRTAC-ın PXDU ilə əməkdaşlığından da bəhs olunub.
Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Tədris dövründə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları Azərbaycan dili kafedrasında olub, tələbələrə mühazirə oxuyublar. PXDU-da Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr tədris müddətində AZƏRTAC-da təcrübə keçiblər. Onlar AZƏRTAC-ın xəbərlərinin Çin dilinə tərcüməsində və redaktəsində iştirak edərək, Azərbaycan dili üzrə biliklərini təkmilləşdirməklə yanaşı, ölkəmizin müasir inkişafı, xalqımızın zəngin mədəniyyəti barədə bilgilər əldə ediblər. Bu da onların hazırlıqlı azərbaycanşünas kadrlar kimi yetişmələrində səmərəli olub. Bundan başqa, PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri AZƏRTAC-ın və AzTV-nin Çin Xalq Respublikasındakı müxbir məntəqələri ilə də yaxından əməkdaşlıq ediblər.
Bu il Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələr toplayan 13 gənc PXDU-nun Azərbaycan dili ixtisasına qəbul olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin