Çinli Szyuy Venszyun şahmat üzrə qadınlar arasında dünya çempionu titulunu qoruyub saxlayıb
Bakı, 23 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya çempionatının finalında çinli Szyuy Venszyun rusiyalı Yekaterina Laqnoya qalib gəlib.
AZƏRTAC xəbər verir ki, dörd klassik partiyadan sonra matçda hesab 2:2 olub. Bu gün qısaldılmış vaxtla keçirilən tay-breykdə çinli şahmatçı qələbə qazanıb və yekunda 5:3 hesabı ilə çempion titulunu qoruyub saxlaya bilib. O, bundan əvvəlki titulunu cari ilin mayında, öz həmvətəni Tan Çjunyi üzərində 10 partiyadan ibarət matçda 5,5:4,5 hesabı ilə qələbədən sonra əldə etmişdi.
28 yaşlı Laqno ikiqat Avropa çempionu (2005, 2008), blits üzrə dünya çempionu (2010) və sürətli şahmat üzrə dünya çempionudur (2014). O, Ukrayna yığmasının tərkibində Dünya Şahmat Olimpiadasının (2006) və komanda hesabında dünya çempionatının (2013) qalibi olub. Rusiya yığmasının tərkibində isə komanda hesabında 2017-ci ilin dünya çempionu titulunu qazanıb. Laqno 2014-cü ilin yayında Rusiya vətəndaşlığı alıb.
Şahmat üzrə qadınlar arasında ilk dünya çempionu titulunu 1927-ci ildə Vera Mençik qazanıb. Bu şahmatçı Rusiyada anadan olub, lakin 15 yaşında valideynləri ilə Böyük Britaniyaya köçüb. İkinci Dünya müharibəsinədək məğlubedilməz sayılan qadın şahmatçı 1944-cü ildə Londonun bombalanması zamanı həlak olub. 1950-ci ildən başlayaraq Beynəlxalq Şahmat Federasiyası qadınlar arasında dünya çempionatını matç sistemi ilə müəyyən edirdi və 1991-ci ilədək olan dövrdə sovet şahmatçı qadınlarının - Lyudmila Rudenko, Yelizaveta Bıkova, Olqa Rubtsova, Nona Qaprindaşvili və Mayya Çiburdanidzenin mütləq üstünlüyü olub.
2007-ci ildən dünya çempionları həm ayrı-ayrı matçlarda, həm də nokaut sistemi ilə keçirilən çempionatlarda müəyyən olunur. 2008-2010-cu illərdə dünya çempionu tituluna rusiyalı Aleksandra Kostenyuk sahib olub. O, 2008-ci ilin nokaut turnirinin finalında 14 yaşlı çinli şahmatçı Hou İfana qalib gəlib. Sonuncu isə iki ildən sonra yeni dünya çempionu adını qazanıb.
Rusiyalı Arkadi Dvorkoviçin FIDE prezidenti seçkilərini qazanmasından sonra dünya çempionatının ləğv olunması, əvəzində nokaut sistemi üzrə Dünya Kuboku yarışının keçirilməsi barədə qərar qəbul edilib. Dünya Kuboku kişilər arasında turnirin təqvimi ilə analoji olaraq 2021-ci ildə keçiriləcək turnirin iddiaçıları arasında seçmə yarışlar qismində keçiriləcək. 2019-2020-ci illər mövsümündə bərpa ediləcək Qran-Pri də iddiaçıların turnirinin seçmə yarışları hesab olunacaq.
Bundan əvvəlki sistemə görə, 2019-cu ildə şahmat tacı uğrunda matçda nokaut sistemi üzrə 2018-ci ilin dünya çempionu və Qran-Pri turnirinin qalibi qarşılaşmalı idi. Bu il Qran-Pri keçirilmədiyi üçün Szyuy Venszyun gələn ilin birinci yarısında təşkil olunacaq iddiaçıların turnirinin qalibi ilə görüşəcək.