“Cisco Systems” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 9 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ABŞ-ın “Cisco Systems” şirkətinin geniş tərkibdə təmsil olunan nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Cisco” şirkəti ilə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın strateji hədəflərində yer almış informasiya-kommunikasiya texnologiyaları (İKT) və yüksək texnologiyalar sahəsində yürüdülən dövlət siyasətindən söz açan nazir Əli Abbasov bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini, dövlət sifarişi əsasında reallaşan layihələrin icrası zamanı başlıca tələbin keyfiyyətlə bağlı olduğunu vurğulayıb.
Beynəlxalq şirkətlər tərəfindən Azərbaycanın reytinqinin yaxından izlənildiyini diqqətə çatdıran “Cisco” korporasiyasının vitse-prezidenti Conatan Sparrou ölkəmizin regionun informasiya xidmətləri mərkəzinə çevrildiyini qeyd edib. Vitse-prezident “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə maraq göstərdiklərini, layihə üzrə müvafiq təklifləri irəli sürməyə hazır olduqlarını diqqətə çatdırıb.
Sonra şirkət tərəfindən hazırlanan milli genişzolaqlı internet infrastrukturunun yeni platforması təqdim edilib.