Coğrafiya İnstitutunda 28 May - Müstəqillik Günü qeyd edilib
Bakı, 26 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıb.
İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı iclası açaraq tədbirin Şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünə həsr edildiyini qeyd edib. O bildirib ki, Azərbaycan xalqı 28 May tarixi ilə fəxr edir. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur: “Bizim böyük fəxrlə qeyd etdiyimiz ikinci tarix isə torpaqlarımızın işğaldan azad olunduğu gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində qəhrəman ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilib və biz bu il hamılıqla noyabrın 8-də bu şanlı qələbənin 5-ci ildönümünü qeyd edəcəyik.
Sonra tədbirə dəvət olunmuş professor Nəsib Nəsibli müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və süqutu haqqında məruzə ilə çıxış edib. Professor çıxışında Azərbaycanda milli oyanış hərəkatı, sovet dönəmində dövlət və millət, siyasi fədakarlıq kimi məsələlərə də toxunub.
Məruzənin sonunda N.Nəsibli iştirakçıların suallarını cavablandırıb.