CON UEYKMAN LİNN: AZƏRBAYCANIN 2005-Cİ İL ÜÇÜN DÖVLƏT BÜDCƏSİ TAMAMİLƏ REALDIR
Daimi Komissiyanın sədri Səttar Səfərov 2005-ci il üçün dövlət büdcəsinin başlıca parametrləri barədə qonağa məlumat verdi, büdcə siyasətinin əsas istiqamətlərindən danışdı. Bildirdi ki, büdcə hazırlanarkən müvafiq beynəlxalq maliyyə qurumları ilə məsləhətləşmələr aparılmışdır.
Komissiyanın sədri Beynəlxalq Valyuta Fondunun təmsilçisinə 2005-ci ildə enerji daşıyıcılarının qiymətlərində gözlənilən artımla bağlı öz mülahizələrini bildirərkən dedi ki, biz ilk növbədə, enerji daşıyıcılarının haqqının yığım əmsalını maksumum həddə çatdırmalıyıq. Qiymətlər birdən-birə yox, tədricən qaldırılmalıdır. Elə etmək lazımdır ki, əhali istifadə etdiyi enerjinin haqqını ödəyə bilsin. Bu, onların həyat səviyyəsinin aşağı düşməsinə, güzaranının pisləşməsinə səbəb olmamalıdır.
Qonaq bildirdi ki, müxtəlif məhsulların qiymətlərinin qaldırılmasına ehtiyatla, diferensial yanaşmaq lazımdır. Elə enerji daşıyıcıları var ki, onların qiymətlərinin artması insanların güzarınına mənfi təsir edə bilər. Məsələn, dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının maya dəyərinə, onların rəqabət qabiliyyətinə, yerli istehsalın stimullaşdırılmasına mənfi təsir göstərir.
C. Ueykman Linn dedi ki, ilk növbdə, enerji daşıyıcılarının haqqının yığım əmsalını yüksəltmək lazımdır. Söhbət zamanı büdcə, büdcə sistemi haqqında qanun, Vergi Məcəlləsi ili bağlı məsələlərə də toxunuldu.