DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ ƏN QANLI QIRĞININ QURBANLARININ XATİRƏSİ BELARUSDA DA EHTİRAMLA YAD EDİLMİŞDİR
Minsk, 28 fevral (AZƏRTAC). Azərbaycanın Belarusdakı səfirliyi Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini anma mərasimi təşkil etmişdir.
Xatirə gecəsində Belarusdakı Azərbaycan diasporunun bütün regionlardan gəlmiş çoxsaylı üzvləri, yerli jurnalistlər, Belarus ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirə gələnlər Qarabağın Xocalı şəhərinin dinc sakinlərinə - uşaqlara, qadınlara və qocalara qarşı ermənilərin törətdiyi ən dəhşətli, ən vəhşi cinayətlər haqqında sənədli filmə baxmışlar.
Tədbir iştirakçıları acı göz yaşlarını və haqlı qəzəblərini gizlədə bilməmişlər.
Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev 17 il bundan əvvəl baş vermiş dəhşətli hadisələri xatırlayaraq qeyd etmişdir ki, təcavüzkar erməni cəlladlarının törətdiyi vəhşiliklər və qanlı cinayətlər bəşəriyyətə qarşı cinayət kimi, təkcə Azərbaycan xalqının deyil, bütün dünya birliyinin yaddaşında qalacaqdır.
Azərbaycanlı diplomat vurğulamışdır ki, Xocalı faciəsi erməni millətçiləri, təcavüzkar separatçılar və terrorçular tərəfindən yüz illər boyu həyata keçirilmiş və indi də davam edən soyqırımı və etnik təmizləmə siyasətinin növbəti təzahürü olmuşdur.
Ə.Nağıyev onu da vurğulamışdır ki, Azərbaycan xalqının başına gətirilmiş bütün müsibətlərə baxmayaraq, onun əzmi qırılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra onun fəal xarici siyasəti və diplomatiyası sayəsində beynəlxalq birlik 1992-ci ilin dəhşətli fevral hadisələrinə ilk dəfə düzgün qiymət vermişdir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində bu gün Azərbaycan sabit inkişaf edən, müstəqil, firavan dövlət, Cənubi Qafqaz regionunda liderdir.
Səfirlik Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş informasiya materiallarının, tematik məqalələrin və fotoşəkillərin sərgisini də təşkil etmişdir. Axırda ehsan verilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk