DAŞKƏNDDƏ YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNÜ QEYD ETMİŞLƏR
Daşkənd, 19 oktyabr (AZƏRTAC). Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Dövlət Müstəqilliyimizin 18-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirmişdir.
Mərasimdə Daşkənddə yaşayan diasporumuzun üzvləri, paytaxtdakı milli mədəniyyət mərkəzlərinin rəhbərləri, qardaş özbək xalqının nümayəndələri iştirak etmişlər.
Mərasimin əvvəlində müxtəlif xalqların nümayəndələri olan uşaqlar Azərbaycan, özbək və rus dilində ölkələrimiz və xalqlarımızın dostluğuna həsr edilmiş şeirlər söyləmişlər.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev xalqlarımız arasında dostluq əlaqələrinin tarixindən, dünya azərbaycanlılarının Bakıda keçirilən 2-ci qurultayındakı iştirakından, Azərbaycan şairlərindən etdiyi tərcümələrdən danışmış, Bəxtiyar Vahabzadənin özbək dilinə çevirdiyi “Azərbaycan” şeirini oxumuşdur.
Assosiasiyanın icraçı direktoru Yasin Əhmədov, Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov, Assosiasiyanın idarə heyəti sədrinin müavini Həmid Hüseynov xalqlarımızın din, dil, adət-ənənələrinin eyni olduğunu xatırlatmış, münasibətlərimizin daha da inkişafının vacibliyini bildirmiş, Nazlı Pirməmmədova Azərbaycana həsr etdiyi şeirini oxumuşdur.
Tədbirin sonunda Azərbaycan və özbək dilində mahnı və rəqslərdən ibarət böyük konsert proqramı olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd