DAŞKƏNDDƏKİ AZƏRBAYCAN DİASPORUNUN ÜZVLƏRİ HƏMRƏYLİK GÜNÜNÜ QEYD ETMİŞLƏR
Daşkənd, 22 dekabr (AZƏRTAC). Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirmişdir.
Assosiasiyanın sədri Akif Ağatalıbov dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması işində bu bayramın əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Füzuli Nəcəfov demişdir ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd edilən bu bayram sonradan ölkənin bütün ərazisində keçirilməyə başlanmışdır.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi kökləri haqqında söhbət açmış, şair və yazıçılarımızın dostluğu haqqında danışmışdır.
Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov indiki dövrdə mədəni sahədə əlaqələrimizin daha da inkişafının zəruriliyini qeyd etmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır. Özbəkistanın xalq artisti, Azərbaycanda da çox sevilən müğənni Fərrux Zakirov Rəşid Behbudovun “Evləri var, xana-xana” mahnısını, Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının birinci mükafatını almış Yulduz Turdıyeva “Qarabağ şikəstəsi”ni, “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, İlham Abdullayev sazda el havalarımızı ifa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd