Daşkəsəndə 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilmişdir
Daşkəsən, 20 yanvar (AZƏRTAC). Tariximizin həm qanlı, həm də şərəfli səhifəsi olan 20 Yanvar faciəsi illər keçsə də yaddaşlardan silinməyəcəkdir.
Daşkəsəndə keçirilən anma tədbirində iştirak edən rayon sakinlərinin dilindən bu sözləri eşitmək olardı. Rayondakı Şəhidlər xiyabanına toplaşan minlərlə rayon sakini 23 il əvvəl baş vermiş qanlı faciəni törədənləri lənətləmiş, beynəlxalq təşkilatların bu faciəyə hüquqi qiymət verməmələrini xalqımıza qarşı olan ikili standartlar kimi dəyərləndirmişlər.
Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, məzarlar üzərinə tər qərənfillər düzmüşlər.
Sonra rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək faciənin yaranma səbəblərindən, acı nəticələrindən danışmış, məsələyə məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi hüquqi qiymət verildiyini, ümummilli liderimizin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi qurbanlarına dövlət qayğısının göstərildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişdir.
Daha sonra iştirakçılar rayon mədəniyyət evində məktəblilərin 20 Yanvar faciəsi ilə bağlı rəsm sərgisinə və qanlı faciədən bəhs edən sənədli filmə baxmışlar.