CƏMİYYƏT
DAŞQINDAN ƏZİYYƏT ÇƏKƏN RAYONLARDA KOMPLEKS İŞLƏR DAVAM ETDİRİLİR
Sabirabad, 17 iyun (AZƏRTAC). Daşqından əziyyət çəkən rayonlarda kompleks işlər davam etdirilir.
Hazırda bölgədə təbii fəlakətin fəsadları aradan qaldırılır.
Sabirabad və Saatlı rayonlarının sudan təmizlənən kəndləri daşqından əvvəlki vəziyyətini almışdır. Evlər və həyətlər dezinfeksiya olunur, yollar bərpa edilir və ya yenidən qurulur. Bir sözlə şəhərcikdən evinə dönən kənd sakinlərinin yaşayışının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür. Ehtiyacı olanlara rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən tibbi yardımlar göstərilir, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə sanitar maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, təbii fəlakət nəticəsində Sabirabad rayonunun Qaragüney, Dadaşbəyli, Şıxlar, Polatduğay, Azadkənd, Ulacalı, Mürsəlli, Nərimankənd, Saatlının isə Novruzlu, Dəlilər və Musalı kəndləri daşqına məruz qalmışdı. Hazırda həmin kəndlərdən yalnız Novruzluda bir az su qalmaqdadır. Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu problem də tezliklə həll olunacaq və kənd tamamilə sudan təmizlənəcəkdir.
Dövlət Baytarlıq Xidməti də məlumat yaymışdır. Məlumata görə su basan ərazilərdə 108 baş mal-qara, 153 baş davar, 8 baş təkdırnaqlı heyvan və 18 min 177 baş müxtəlif növ ev quşlarının cəsədləri toplanaraq zərərsizləşdirilmişdir. Su çəkildikcə ərazilərdə bu istiqamətdə işlər davam etdirilir. Su basan yerlərdə əhalinin əkin sahələrinə və mal-qarasına dəyən ziyanın miqdarı müəyyənləşdirildikdən sonra dövlət tərəfindən müvafiq qaydada kompensasiya ödəniləcəkdir.