Daun sindromlu uşaqlar üçün təşkil olunmuş yaz düşərgəsi başa çatıb
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixososial dəstəyin göstərilməsi məqsədilə ənənəvi olaraq təşkil edilən yaz düşərgəsinin uğurla yekunlaşdığını bildirib.
A.Sofiyeva dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birinin sağlamlıq imkanları məhdud uşaqlara, onların ailələrinə diqqət və qayğı olduğunu qeyd edərək, Komitənin bu məsələləri daim diqqətdə saxladığını, belə layihələrin gələcəkdə daha genişmiqyaslı keçiriləcəyini vurğulayıb.
Daha sonra düşərgə müddətində yaddaqalan anları, valideynlərin və uşaqların təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub. Davamında “balaca günəşlər” hazırladıqları rəqsləri nümayiş etdiriblər.
Yekunda uşaqlara hədiyyələr paylanılıb.
Qeyd edək ki, martın 5-dən başlayan düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. Düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də artterapiya, idman məşğələləri, rəqs dərsləri, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramları, maraqlı ekskursiyalar təşkil olunub.