“Davam” Gənclər Hərəkatı ümumrespublika ağacəkmə aksiyası keçirib
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də “Davam” Gənclər Hərəkatı “Biz birlikdə güclüyük” devizi altında Vətən uğrunda canından keçən 2802 şəhidimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ümumrespublika ağacəkmə aksiyası keçirib.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, “Davam”çı könüllülərin iştirak etdiyi aksiya Qaradağ, Qobustan, Şəmkir və Ucar Gənclər Evlərinin dəstəyi ilə 4 rayon üzrə 10 fərqli məntəqədə baş tutub. Hər məntəqədə 59 ağac olmaqla ümumilikdə ölkə ərazisində 590 ağac əkilib.
Qobustan rayonundan start götürən aksiyada Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın İdarə Heyətinin üzvü Rasul Çunayev və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev iştirak ediblər.
Şəmkir rayonunda Şəmkir Gənclər Evinin direktoru İlkin Musayevin, Ucar rayonunda isə Ucar Gənclər Evinin direktoru Elamin Dibirovun iştirakı ilə davamçı könüllülərlə birlikdə aksiya davam edib.
Yekun olaraq Qaradağ rayonunda aksiyanın son mərhələsi baş tutub. Aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Emil Abbasov, Nadir Muradov, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri Natiq Mehdiyev, Sabir Rüstəmov və Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak ediblər.
Üç gün ərzində davam edəcək aksiya çərçivəsində ümumilikdə 2802 ağacın əkilməsi nəzərdə tutulub.