DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 23-də respublika Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin vəziyyətinə, cinayətkarlığa qarşı mübarizədə və inzibati xətalar haqqında qanunvericiliyin həyata keçirilməsində polis sahə inspektorlarının fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinə həsr olunmuş geniş kollegiya içlası keçirilmişdir.
Kollegiya iclasını Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov giriş sözü ilə açmışdır. Sonra Xəzər dənizində “Merkuri-2” gəmi-bərəsinin batması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclas iştirakçılarına bu ilin doqquz ayında çinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin edilməsinin nəticələri barədə ətraflı məlumat vermişdir. O, vurğulamışdır ki, hesabat dövründə respublikamızın daxili işlər orqanları qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində möhtərəm prezidentimizin hüquq-mühafizə siyasətinə uyğun olaraq öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Əvvəlki illərdə olduğu kimi, bu ilin doqquz ayında da cinayətkarlığın qarşısının alınmasında və cinayətlərin açılmasında, axtarışda olanların tutulmasında diqqətəlayiq uğurlar əldə olunmuşdur. Belə ki, cinayət-axtarış xətti ilə qeydə alınan cinayətlərin sayı 8,1 faiz, eyni zamanda ağır və xüsusilə ağır cinayətlər dörd dəfəyə yaxın, qəsdən adamöldürmələrin sayı 4 faizdən çox, quldurluqlar 23 faiz, soyğunçuluqlar 12 faiz, oğurluqların sayı isə 26 faizədək azalmışdır. Cinayətlərin açılması göstəriciləri də yaxşılaşaraq ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər də, yəni 95 faizədək, həmçinin ağır və xüsusilə ağır cinayətlərin açılması göstəriciləri 93 faizədək yüksəlmişdir.
Müxtəlif hüquqazidd əməllər törətmiş 9 mindən çox şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, axtarışda olan 4099, o cümlədən MDB ölkələrində gizlənilmiş 334 nəfər tutulmuşdur. Qanunsuz saxlanılan silahların yığılması işi səngiməmiş, 1800-dək odlu silah, o cümlədən 228 avtomat, 245 tapança, 998 qumbara və xeyli sayda döyüş sursatı götürülmüşdür. Bu və digər tədbirlər nəticəsində hesabat dövründə odlu silahla törədilən cinayətlərin sayı nəzərə çarpacaq dərəcədə - 33 faiz azalmışdır. Həyata keçirilmiş lazımi profilaktik tədbirlər sayəsində azyaşlılar tərəfindən törədilən və ictimai yerlərdə, o cümlədən kücələrdə baş verən cinayətlər azalmışdır.
General-polkovnik Ramil Usubov müsbət göstəricilərlə, uğurlarla yanaşı bəzi ərazi polis orqanlarının ayrı-ayrı fəaliyyət istiqamətlərində nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etmişdir. O demişdir ki, bir sıra hallarda şəxsi heyət arasında nizam-intizama riayət olunmaması, vətəndaşların şikayətlərinə biganə münasibət göstərilməsi, xidmət zamanı qanunçuluğun pozulması kimi mənfi təzahürlərə də rast gəlinir. Cinayətlərin açılması və axtarışda olanların tutulması işində də qüsurlar vardır. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin vəziyyəti müasir dövrün tələblərinə tam cavab vermir.
Həmçinin cinayətkarlıqla mübarizədə sahə inspektorlarının fəaliyyətinin təkmilləşməsi işi də lazımi səviyyədə deyildir. Güdəlikdəki birinci məsələ ilə bağlı nazirliyin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Mədət Quliyev məruzə etmişdir. Natiq vurğulamışdır ki, daxili işlər nazirinin, DİN rəhbərliyinin gündəlik nəzarət və tələbkarlığı sayəsində polis orqanları, narkotiklərlə mübarizə qurumları tərəfindən ölkədə narkotik vəziyyətə bütövlükdə nəzarət olunması bizim heç də arxayınlaşmağımıza əsas vermir. Son illər narkotiklərlə mübarizə xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərə və əldə edilən müəyyən uğurlara baxmayaraq, bu sahədə iş hələ də dövlətımizin başçısının və DİN rəhbərliyinin tələbləri səviyyəsində, beynəlxalq norma və standartlara uyğun qurulmamışdır.
Görülən tədbirlər nəticəsində nakotiklərlə bağlı 1853, o cümlədən narkotiklərin qanunsuz satışı ilə əlaqədar 657 fakt aşkar edilmiş, bütövlükdə qanunsuz dövriyyədən 64 kiloqram 282 qrum müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Narkotiklərin qacaqmalçılıq yolu ilə gətirilməsinə dair 24 fakt aşkarlanmışdır. Respublikamızın ərazisində narkotik tərkibli bitkilərin əkilib beçərilməsinin qarşısının alınması məqsədi ilə “Xaşxaş” şərti adı altında həyata keçirilmiş tədbirlər nəticəsində 372 ton 481 kiloqram narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə və inzibati xətalar haqqında qanunvericiliyin həyata keçirilməsində sahə inspektorlarının fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Cavanşir Məmmədov məruzə etmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə cinayət hadisələrinin 77,4 faizinin açılmasında və aşkarlanmasında, axtarışda olanların isə 52,9 faizinin tutulmasında sahə inspektorlarının fəal iştirakı olmuşdur.
Müzakirələrdə Suraxanı RPİ-nin rəisi E.Qazıbəyli, Yasamal RPİ-nin rəisi Ş.Paşayev, Şamaxı RPŞ-nin rəisi R.Məmmədəliyev, Biləsuvar RPŞ-nin rəisi Z.Abıyev və başqaları çıxış etmiş, buraxılmış nöqsan və çatışmazlıqları ilin sonunadək aradan qaldıracaqlarına söz vermişlər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov müzakirə olunan məsələlərin aktuallığını, əhəmiyyətini, habelə narkomaniyanın xalqımızın genefonduna, gələcəyinə böyük zərbə vurduğunu bir daha xatırlatmış, həmin problemlərin həllinə dövlət mənafeyindən yanaşmağın zəruriliyini qeyd etmişdir. Ölkəmizin hüquqi, demokratik cəmiyyət quruculuğu yolu ilə inamla addımladığını, beynəlxalq birliyə, Avropa dəyərlərinə qovuşduğunu xatırladan nazir, cinayətkarlıqla mübarizə, asayişin mühafizəsi sahəsində fəaliyyətində bütün şəxsi heyətdən, o cümlədən polis haqqında ümumi rəy formalaşdıran sahə inspektorlarından vətəndaş hüquq və azadlıqlarının dönmədən təmin edilməsini, qanunculuğa ciddi riayət olunmasını tələb etmiş, sahibkarlığın inkişafına mane olan hər hansı cəhdlərin yolverilməz olduğunu, qəti qadağan edildiyini, belə hallara yol vermiş əməkdaşlar barəsində ən ciddi və sərt tədbirlərin görüləcəyini vurğulamışdır.
Nazir, general-polkovnik Ramil Usubov xalqımızın və ölkəmizin Prezidentini əmin etmişdir ki, respublikamızın daxili işlər orqanlarının şəxsi heyəti qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu ili də daha yüksək göstəricilərlə başa vurmaq üçün var qüvvəsini, bacarığını əsirgəməyəcəkdir.