SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA PROKURORLUĞU MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, bu ilin iyun ayından başlayaraq Zaqatala rayonunda geniş ictimai rezonans doğuran ağır cinayət hadisələri törətməklə respublikamızın şimal-qərb bölgəsində kriminogen durumun gərginləşməsinə ciddi təsir göstərmiş mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi üçün qanuni ölçülər götürülmüş, bandanın istintaqdan yayınan üzvlərinin tapılıb-tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Görülən tədbirlər, qanunçuluğun möhkəmləndirilməsi işi bölgə əhalisinin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır və hərtərəfli dəstəklənir.
Sentyabrın 5-də Azərbaycan Respublikası və Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində həmin cinayətkar dəstənin daha iki fəal üzvü, Zaqatala rayonunun Kebeloba kənd sakinləri Qurban Həsənov və Emin Mollayev qonşu respublikanın ərazisində həbs olunmuşlar.
Artıq Qurban Həsənov Azərbaycana gətirilmiş, Emin Mollayevin ekstradisiyası məsələsinin həlli üçün isə ölkə prokurorluğu tərəfindən müvafiq tədbirlər görülür.
Bu günədək həmin cinayətlərdə iştirak edənlərin 14 nəfəri yaxalanmışdır.
Cinayətkar bandanın hər iki üzvünün iyunun 30-da Daxili Qoşunların Zaqatalada yerləşən hərbi hissəsinə silahlı basqında, həmçinin avqustun19-da Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarının avtomat silahlardan atəşə tutulmasında və digər cinayətlərdə iştirak etmələri aparılmış ixtisaslı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə tam sübuta yetirilmişdir.
Bölgədə ictimai təhlükəsizliyin etibarlı təmini və hüquq qaydalarının möhkəmləndirilməsi məsələləri ölkə Prezidentinin ciddi nəzarətindədir. Həmin mütəşəkkil dəstənin istintaqdan yayınan digər üzvlərinin də tutlması, onların törətdikləri bütün cinayətlərin açılması və hüquqa zidd əməllərinin tam ifşa olunması üçün zəruri tədbirlər ardıcıl surətdə davam etdirilir.