RƏSMİ XRONİKA
DAXİLİ QOŞUNLARIN “N” HƏRBİ HİSSƏSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində yanvarın 17-də Daxili Qoşunların “N” hərbi hissəsində olmuşdur.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə yaxından tanış oldu. Məlumat verildi ki, hərbi hissənin yeni binası qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə inşa edilmişdir. Ali baş komandanın birbaşa tapşırığı ilə bütün hərbi hissələrdə olduğu kimi, burada da əsgərlərin nümunəvi xidmət göstərməsi üçün bütün lazımi şərait yaradılmışdır.
Hərbi hissənin birinci mərtəbəsində müstəqil Azərbaycan dövlətinin memarı, milli ordu quruculuğunun əsasını qoymuş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə təşkil olunmuşdur.
Ali baş komandan guşəyə, əsgər kazarmasına baxdı, əsgərlərin geyimlərinin keyfiyyəti ilə maraqlandı. Bildirildi ki, burada istifadə üçün bütün əşya və ləvazimatlar ən müasir tələblər səviyyəsindədir. Müxtəlif növ geyim dəstləri ölkəmizdə istehsal edilib və olduqca keyfiyyətlidir.
Prezident İlham Əliyev müasir tələblər səviyyəsində hərbi geyimlərin, çarpayı və yataq dəstlərinin və digər ləvazimatların ölkəmizdə istehsal olunmasını yüksək qiymətləndirdi.
Ali baş komandan daha sonra hərbçilərin təlim-tədris mərkəzi ilə tanış oldu. Bildirildi ki, əsgərlərin hərbi hazırlığının yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi üçün mərkəzdə bütün şərait vardır.
Prezidentə məlumat verildi ki, ailə qurmuş zabitlərin və gizirlərin hərbi hissədə yaşaması üçün xüsusi mənzillər də tikilmişdir. Ərazidə yeni yardımçı binaların inşasına da başlanılmışdır.