DƏMİR YOLUNUN ŞİRVAN-ASTARA SAHƏSİNDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILMIŞDIR
Bakı, 15 iyun (AZƏRTAC). Xəbər verildiyi kimi, mayın 7-dən başlayaraq Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi dəmir yolunun da işində ciddi problemlər yaratmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şirvan-Astara sahəsində mayın 9-da saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdır.
“Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq dəmir yolunun bu istiqamətində daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına başlanılmışdır. Şirvan-Astara sahəsində təmir-bərpa işlərinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov rəhbərlik edir. Qısa müddətdə Osmanlı-Azadkənd arasında birtərəfli çökmüş yol yatağının bərpası istiqamətində xeyli iş görülmüşdür. İndiyədək əraziyə 120 vaqon çınqıl döşənmişdir. Dəmir yolunun Şirvan-Astara sahəsində də bərpa işlərinə başlanılmışdır.
Cəmiyyətin kollektivi Şirvan-Astara sahəsində təmir-bərpa işlərini qısa müddətdə başa çatdırmaq və dəmir yolunun bu istiqamətində qatarların hərəkətini tezliklə bərpa etmək məqsədi ilə gücləndirilmiş iş rejimində çalışır. Bərpa işlərinə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamentinin, təmir-bərpa qatarlarının və digər müvafiq strukturlarının kollektivləri cəlb olunmuşlar.
Xatırladaq ki, Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar dəmir yolunun Osmanlı-Azadkənd mənzilinin 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı beş yerdən yarılmışdır. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdır.