RƏSMİ XRONİKA
“DEMOKRATİYA VƏ SABİTLİK NAMİNƏ: ƏMƏKDAŞLIĞIN YENİ İMKANLARI” BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi - müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayıram.
Demokratik dəyərlərin və insan hüquqlarının prioritet xarakter kəsb etdiyi müasir dünyada sabitlik, əmin-amanlıq, sülh və təhlükəsizliyin təmin edilməsi olduqca böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, öz inkişafının keçid mərhələsini yaşayan dövlətlərdə demokratik prinsiplərin hüquqi, siyasi və sosial müstəvidə möhkəmlənməsi üçün sabitliyin qorunması, davamlı inkişafın, sosial rifah və milli birliyin təmin olunması ən vacib şərtdir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ümumbəşəri dəyərlərin vacib tərkib hissəsi olan demokratik norma və prinsiplər Azərbaycanın istər tarixi ənənələri, istərsə də tolerantlığa və vətəndaş cəmiyyəti quruculuğuna söykənən mövcud ictimai-siyasi mühiti ilə tam uyğundur. Məhz bunun sayəsində Azərbaycan ictimai həyatın özünəməxsus modelini yaratmağa, milli birliyə və yüksək dinamik inkişafa nail ola bilmişdir. Ölkəmiz dörd ildir dalbadal dünyada ən yüksək iqtisadi artım göstəricisi nümayiş etdirir. Bu, gənc, müstəqil dövlətimizin beynəlxalq və regional əməkdaşlığa layiqli töhfələr vermək imkanını əhəmiyyətli dərəcədə artırmışdır. İndi Azərbaycan haqlı olaraq, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində ən etibarlı tərəfdaşlardan sayılır. Bu mənada hesab edirəm ki, dünyanın 30-dan çox ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə Bakıda “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfransın keçirilməsi təsadüfi deyildir.
Konfransın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilməsi ona xüsusi məna verir. Məhz Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası demokratik inkişaf yolunu seçmiş, vətəndaş cəmiyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atmışdır. O, Ermənistanın hərbi təcavüzünün dinc yollarla aradan qaldırılması, Azərbaycanın 20 faiz ərazisinin işğaldan azad olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması və Cənubi Qafqazda möhkəm sülhün yaradılması üçün ciddi səylər göstərmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan irimiqyaslı transmilli enerji və nəqliyyat layihələrini həyata keçirməklə nəinki regionda, eləcə də bütün dünyada yeni əməkdaşlıq imkanlarının meydana gəlməsinə əhəmiyyətli töhfə vermişdir.
İnanıram ki, beynəlxalq konfransın iştirakçıları dövrümüzün aktual problemlərindən saydığımız demokratiya və sabitlik mövzusunda səmərəli fikir mübadiləsi aparacaq, beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və bu vacib prosesə öz töhfələrini verəcəklər.
Konfransın işinə müvəffəqiyyətlər arzulayır, demokratiya və sabitlik naminə əməkdaşlığın geniş vüsət almasını diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2008-ci il.