Dendrologiya İnstitutunun əməkdaşları Şəmkir rayonunda tədqiqat aparıblar
Bakı, 22 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının əməkdaşları Şəmkir rayonunda ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisya zamanı müşahidələr aparılıb, mədəni dendroflorada 28 fəsilə, 33 cins və 37 növə aid dekorativ ağac, kol və ot bitkilərinin taksonomik tərkibi, mənşəyi, kompozisiyaların tərtibatı, kiçik memarlıq formalarının istifadə qaydaları təyin edilib. Kompozisiyalar müntəzəm üslubda (həndəsi formalı) və landşaft və ya mənzərəli üslubda (orijinal formalı) tərtib edilib. Əsasən landşaft və ya mənzərəli üslubda olan orijinal formalara üstünlük verilib. Kompozisiyalarda əsasən həmişəyaşıl ağac və kollardan, dekorativ ot bitkilərindən istifadə olunub. Kompozisiyaların ətrafında yerləşən kiçik memarlıq formaları ətraf mənzərəni daha da canlandırır.
Laboratoriya tərəfindən Şəmkir rayonunda aparılan elmi-tədqiqat işi davam etdirilərək bitkilərin Abşeronun landşaft dizaynında istifadə perspektivliyi öyrənilir.