İDMAN
DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib







Bakı, 10 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Nazirliyin İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxətdinova tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə əbədi abidə ucaltdığını vurğulayıb. Bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqına sədaqətlə xidmət etməsi, ən çətin və mürəkkəb şəraitlərdə ölkəmizin müstəqilliyi naminə həyatını risk altına qoymaqdan belə çəkinmədiyi vurğulanıb.
İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizin xilas edilməsində Ulu Öndərimizin fəaliyyətindən danışaraq, hüquq-mühafizə orqanları əməkdaşlarının dahi rəhbərinə sədaqətindən bəhs edib.
Çıxışlardan sonra ciu-citsu üzrə yarışa start verilib. Birincilikdə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə 100 idmançı gücünü sınayıb. DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş leytenantı Elşən İbişovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdirib.
Silsilə tədbirlər çərçivəsində boks yarışında 50 idmançı qələbə uğrunda mübarizə aparıb. Yarışı Əməkdar məşqçi Yadigar Məmmədov idarə edib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Cəmiyyətin idman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirib ki, idmanın və Olimpiya hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqətində olan vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.