DİPLOMATİK XİDMƏT ORQANLARI RƏHBƏRLƏRİNİN NÖVBƏTİ MÜŞAVİRƏSİ 2008-Cİ İLİN YAYINDA KEÇİRİLƏCƏKDİR
Xəbər verildiyi kimi, avqustun 14-18-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsi keçirilmişdir. Ənənəvi olaraq, iki ildə bir dəfə keçirilən müşavirədə nazir Elmar Məmmədyarov 2004-cü ildəki birinci müşavirədən ötən dövrdə diplomatik xidmət orqanlarının fəaliyyətinə dair məruzə ilə çıxış etmişdir.
Müşavirənin ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş və geniş nitq söyləmişdir. Dövlətimizin başçısı xarici siyasətin prioritetlərindən və Azərbaycanın beynəlxalq təşkilatlardakı artan nüfuzundan, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan söz açmışdır. Eyni zamanda, Prezident İlham Əliyev ölkə diplomatları qarşısında duran vəzifələrin daha da səmərəli həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını vermişdir.
Dörd gün davam edən müşavirədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, ikitərəfli münasibətlərin inkişaf vəziyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq və təhlükəsizlik, konsulluq-hüquq, iqtisadi əməkdaşlıq, insan hüquqları və digər humanitar məsələlər, o cümlədən xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə iş, ölkəmizin beynəlxalq aləmdə daha da yaxşı tanınması üçün təbliğat işinin gücləndirilməsi məsələləri müzakirə edilmiş, müxtəlif fikir və təkliflər söylənilmişdir.
Müşavirə zamanı Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, müdafiə nazirinin müavini Çingiz Məmmədov, milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov, vergilər nazirinin müavini Namiq Əliyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizin diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış etmiş, təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat vermişlər.
Avqustun 18–də diplomatik xidmət orqanlarının rəhbərləri Səngəçal terminalında, Sabirabad rayonundakı məcburi köçkün düşərgələrində və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi təlim mərkəzində olmuşlar.