İDMAN
Dmitri Peskov: Rusiya maksimum səy göstərib və RUSADA-nın statusu barədə nikbindir
Bakı, 22 yanvar, AZƏRTAC
Rusiya maksimum səy göstərib və Rusiya Antidopinq Agentliyinin (RUSADA) statusu barədə nikbindir. Bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Mətbuat katibi əlavə edib: “İdman məmurlarımız, bu sahədə fəaliyyət göstərən hökumət strukturları Dünya Antidopinq Agentliyinin nümayəndələrinin Moskvada işinin təmin olunması, bütün zəruri proseduraların və əlaqələrin həyata keçirilməsi üçün maksimum səy göstəriblər. Əlbəttə, Moskvada hamı bu məsələ ilə əlaqədar nikbindir”.
Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya bu məsələ üzrə gündəlikdə olan anlaşılmazlıqların aradan qaldırılması üçün səylərini əsirgəməyib”.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bütün bunların Rusiya üçün müsbət nəticələr verəcəyi ilə bağlı suala cavab verən Peskov deyib: “Biz artıq görüb-götürmüş insanlarıq və ehtiyatlı yanaşmanı üstün tuturuq”.
Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi RUSADA-nın indiki statusunun saxlanılmasının məqsədəuyğunluğu məsələsinə baxacaq. Rusiya idmanının yeni sanksiyalarla qarşılaşacağı məhz bu qərardan asılı olacaq. Conatan Teylorun sədrliyi ilə keçiriləcək İcraiyyə Komitəsinin iclasında telekonfrans vasitəsilə təşkilatın tövsiyələri müzakirə olunacaq. Tövsiyələrin məzmunu hələ açıqlanmır.