Doğma torpaqda yeni həyat: Xocalı sakini Əlövsət Hüseynovun qayıdış hekayəsi VİDEO
Xocalı, 8 iyul, AZƏRTAC
Xocalıya Böyük Qayıdış çərçivəsində doğma yurduna qayıdan sakinlər artıq burada yeni həyat qurur, illərlə yarımçıq qalan arzularını gerçəkləşdirirlər. Talelərinə müharibə, məcburi köçkünlük və əsirlik kimi ağır sınaqlar yazılan Xocalı sakinləri bu gün doğma torpaqlarında zəhmətlə məşğul olur, təsərrüfat yaradır, yurdun yenidən dirçəlməsinə öz töhfələrini verirlər. Təxminən iki il əvvəl doğma Xocalıya qayıdan Əlövsət Hüseynov da onlardan biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əlövsət Hüseynov 1957-ci ildə Xocalıda anadan olub. O və həyat yoldaşı Naidə Hüseynova Xocalı faciəsinin ağrılarını illərlə ürəklərində yaşayıblar. Ailə doğma yurdundan didərgin salınıb, erməni əsirliyində saxlanılıb, işgəncələrə və ağır mənəvi sarsıntılara məruz qalıb. Bütün bu çətinliklərə baxmayaraq, onlar əsirlikdən azad olunduqdan sonra həyata yenidən sarılmağı bacarıblar.
Məcburi köçkün kimi əvvəlcə Naftalanda məskunlaşan, daha sonra isə Goranboy rayonunda salınmış yeni qəsəbədə dövlət tərəfindən mənzillə təmin olunan ailə uzun illər Xocalıya qayıdacaqları günü səbirsizliklə gözləyib. Bu arzu Xocalı işğaldan azad edildikdən sonra gerçəkləşib. Əlövsət Hüseynov ailəsi ilə birlikdə yenidən doğma yurduna qayıdıb.
Bu gün onun həyətinə daxil olan hər kəs burada zəhmətin və bərəkətin bəhrəsini görə bilər. Burada kiçik təsərrüfat yaradan Əlövsət Hüseynov torpağı becərir, müxtəlif meyvə ağacları yetişdirir, arıçılıqla məşğul olur. Xocalının məhsuldar torpağı onun zəhmətini bol məhsulla qarşılayır. İllərlə həsrət qaldığı yurdun havasını udmaq, öz həyətində ağacların bar verdiyini izləmək, ailəsi ilə birlikdə doğma ocağında süfrə arxasında əyləşmək onun üçün ən böyük xoşbəxtlikdir.
Hüseynovlar ailəsinin timsalında bu gün Xocalıda Böyük Qayıdışın real nəticələri aydın görünür. Dövlətin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, sakinlərin halal zəhməti və doğma yurda bağlılığı sayəsində Xocalıda həyat yenidən canlanır.
Müxbir – Tahir Ağaməmmədov