DÖVLƏT BAYTARLIQ XİDMƏTİ MÜRACİƏT YAYMIŞDIR
İ.Həsənovun sözlərinə görə, Londonun Waybric laboratoriyasına göndərilmiş 54 nümunədən 7-də “quş qripi” virusu tapılmışdır. Lakin Azərbaycanda ev quşlarının bu xəstəliyə yoluxması halı qeydə alınmadığından, Bakıda və Abşeronda karantin elan edilməsinə ehtiyac yoxdur. Hazırda Xəzər sahillərində və Abşeronda çoxlu sayda quş leşləri vardır. Baytarlıq xidməti növbəti nümunələri Böyük Britaniya və Almaniyadakı xüsusi laboratoriyalara göndərmək niyyətindədir.
Baş dövlət baytarlıq müfəttişi vurğulamışdır ki, Ceyranbatan su anbarında ölü quşların tapılması ilə əlaqədar hər gün reydlər keçirilir, su nümunələri laboratoriyalarda analiz edilir, əhaliyə verilən suyun təmizlənməsinə və xlorlanmasına xüsusi nəzarət olunur.
Tədbirdə baş dövlət baytarlıq müfəttişinin müraciəti yayılmışdır. Müraciətdə quşlar arasında ölüm hallarına rast gəlindikdə dərhal həmin ərazinin baytar həkiminə müraciət etmək, ölümün səbəbindən asılı olmayaraq, quş cəsədlərini yandırmaq, torpağa basdırmaq və ərazini dezinfeksiya etmək, insanların, ilk növbədə, azyaşlı uşaqların quşlarla təmasda olmasına, ev quşlarının, su quşlarının, o cümlədən göyərçinlərin açıq havada saxlanılmasına yol verməmək tövsiyə olunur. Quş leşlərindən, şəxsi və fermer təsərrüfatlarında saxlanan quşlardan nümunələr baytarlıq xidməti əməkdaşlarının nəzarəti altında götürülməlidir. Ticarət obyektlərində yalnız Dövlət Baytarlıq Xidmətinin qeydiyyatında olan quşçuluq təsərrüfatlarının üzərində marka nişanı olan məhsullarının satışına icazə verilir.