Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 20 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Aprelin 20-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlarla görüşüb.
DGK-dan AZƏRTAC-a bildirilib ki, sədr görüşdən əvvəl Göyçay şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Göyçay və Ağdaş rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.