Dövlət İdarəçilik Akademiyasında “Gənclər siyasəti yeni çağırışlar şəraitində” mövzusunda təlim keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində martın 16-18-də “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasini təmin etmək, prosesdə gənclərin daha fəal iştirakına nail olmaqdır. Təlimdə Gənclər və İdman Nazirliyinin əməkdaşları iştirak edib.
Təlimdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov “Azərbaycan dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri”, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsi: nəticə və perspektivlər”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev “Gənclərin əmək fəaliyyətinin təmin olunmasında dövlət dəstəyi”, Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsildə trendlər və gənclik”, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva “Gənclərin sağlam həyat tərzinin təbliği və maarifləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.
Mühazirəçilər çıxışlarında ölkənin milli prioritetləri və onların həyata keçirilməsində gənclərin rolu, milli dəyərlər, müharibə və postmüharibə dövründə gənclərin vətənpərvərlik ruhunun tərbiyəsi, yeni rəqəmsal reallıqlar, gənclərin məşğulluq probleminin həll olunması sahəsində həyata keçirilən məsələlər barədə danışıblar.