Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımı: siyasi- hüquqi rakurs” adlı “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elşad Miraləm, Qızıl Xaç Cəmiyyəti Bakı ofisinin rəhbəri xanım Şerin Pollin, Belarusun Azərbaycandakı səfirinin məsləhətçisi Nataşa Kislekova, türkiyəli jurnalist Mustafa Saatçı, tələbələr və başqaları iştirak etmişlər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbiri giriş sözü ilə açan DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev tariximizin salnaməsinə qara səhifə kimi yazılmış faciə haqqında məlumat vermiş, ümummilli liderimiz Heydər Əliyevin Xocalıda vəhşicəsinə həyata keçirilən, tarixdə analoqu olmayan bu hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışmışdır.
“Dəyirmi masa” iştirakçılarına Xocalı soyqırımı ilə bağlı bir sıra xarici ekspertlərin müsahibələri və onların soyqırımın siyasi-hüquqi qiymətləndirilməsi ilə bağlı fikir və mülahizələri videogörüntülər vasitəsilə nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları 19 il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmış, fəlakətlərimizin baiskarları barədə beynəlxalq aləmin daha geniş məlumatlandırılmasının vacibliyini bildirmişlər.
Sonra Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınması məqsədi ilə bəyanat qəbul edilmişdir. Bildirilmişdir ki, bəyanat müxtəlif dillərə tərcümə edilərək diplomatik korpusa, beynəlxalq təşkilatların nümayəndəliklərinə, müvafiq dövlət qurumlarına, xaricdə fəaliyyət göstərən “beyin mərkəzləri”nə və KİV-lərə göndəriləcəkdir.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı videoçarx, fotosərgi nümayiş etdirilmiş, kitablar, videodisklər təqdim edilmiş, “Xocalıya ədalət” kampaniyası çərçivəsində imza toplanmışdır.
######
