DÖVLƏT İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Mayın 5-də dövlət iqamətgahında İordaniyanın Kralı əlahəzrət II Abdullahın qarşılanma mərasimi olmuşdur.
İqamətgahın həyətində - hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İordaniyanın Kralı II Abdullahı və xanımı Raniyanı səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








