Dövlət Komissiyası: Narkomaniya ilə bağlı uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb
Bakı, 26 iyun, AZƏRTAC
Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq, bəşəriyyət üçün böyük təhlükə yaradır. Bu baxımdan, dünya dövlətləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsi və qanunsuz dövriyyəsinin qarşısının alınması, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərlərin minimuma endirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə üsullarını və müalicə metodlarını daha da təkmilləşdirir və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlıq imkanlarını artırır.
Qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi üzrə müşahidə edilən dinamika bu təhdidlərə münasibətdə həm beynəlxalq, həm də regional səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsini zəruri edir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər dünyada narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları qlobal miqyasda narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir və bu sahədə daha effektiv tədbirlərin həyata keçirilməsi, dövlətlər üçün milli təhlükəsizliyin təmin edilməsi baxımından yeni çağırışlar doğurur.
Bu barədə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.
Məqsədyönlü siyasət və qlobal çağırışlar
Qeyd edilib ki, Azərbaycanda narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm işlər görülüb. Bununla yanaşı, ölkəmiz BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasına, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasına, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasına və digər beynəlxalq sazişlərə qoşulub. Bu da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin beynəlxalq prinsip və normalar əsasında gücləndirilməsinə təminat verib.
Həmçinin vurğulanıb ki, XXI əsrin qlobal trendləri və müasir çağırışları rəqəmsal nəzarət sistemlərinin və hüquqi çərçivədə innovativ metodların tətbiqini zəruri edir. Bu yanaşma narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə müasir çağırışlara cavab verən və dayanıqlılıq təmin edən bir sistemin qurulmasına əsas verir.
Beləliklə, Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü siyasət və səmərəli tədbirlər, həmçinin qlobal çağırışlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da sistemli təşkilini tələb edir. Bu sahədə yüksəkixtisaslı kadr potensialının yaradılması, narkoloji xidmət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və antinarkotik təbliğatı işlərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi əsas vəzifələrdən biri hesab edilir.
Hədəf və prioritet istiqamətlər
Prezident İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramının əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilib, mövcud vəziyyət təhlil edilib, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilib. Bu istiqamətdə qarşıya qoyulmuş işlər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları tərəfindən uğurla davam etdirilir.
Səmərəli işin təşkili
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi sahəsində işin təşkilinin və nəzarətin gücləndirilməsi, narkomaniya ilə bağlı müalicə alan şəxslər üzərində daha keyfiyyətli müalicə və nəzarət mexanizminin yaradılması, müalicə metodikasının təkmilləşdirilməsi, narkoloji tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi və maddi-texniki təchizatının yaxşılaşdırılması, aidiyyəti qurumlarla əməkdaşlığın, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon və şəhər komissiyalarının fəaliyyətlərinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Əməliyyat-axtarış və istintaq, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyət gücləndirilib, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi, o cümlədən uşaq və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işləri genişləndirilib.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi sahəsində işin daha səmərəli təşkili və müvafiq komissiyaların işinin daha dəqiq tənzimlənməsi və onların regionlarda fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi üçün mövcud normativ- hüquqi baza təkmilləşdirilib.
Göstərilən istiqamətdə fəaliyyətin gücləndirilməsi, yeni üsul və metodların tətbiqi məqsədilə çəkilmiş sənədli və bədii filmlərin, həmçinin maarifləndirici proqramların nümayiş etdirilməsi, sosial şəbəkələrin imkanlarından istifadə edilməklə geniş auditoriya üçün nəzərdə tutulmuş maarifləndirici və təbliğat xarakterli materialların yayılması təşkil edilib.
Bundan başqa, əhalinin müxtəlif qrupları, o cümlədən uşaqlar və gənclər, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar arasında antinarkotik təbliğatının və maarifləndirmənin aparılmasını nəzərdə tutan tədbirlər planlarının icrası nəticəsində maarifləndirmə işi genişləndirilib. Bununla yanaşı, görülən ardıcıl və məqsədyönlü işlər, qəbul edilmiş bir sıra mühüm normativ- hüquqi aktlar, həyata keçirilən zəruri institusional tədbirlər qurumlararası əməkdaşlığı daha da möhkəmləndirəcək və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı birgə mübarizəyə öz töhfəsini verəcək.
Hər il olduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılır. Ən əsası da güclü təsiredici psixotrop dərman preparatlarının çəkisində ildən-ilə azalma müşahidə olunur. Bu faktlar özlüyündə ona dəlalət edir ki, narkotiklərin qeyri-qanuni dövriyyəsinə ciddi nəzarət olunur.
Dövlət Proqramı çərçivəsində respublika ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi qarşıya qoyulmuş ən vacib vəzifələrdən biridir. Bununla yanaşı, hüquq-mühafizə orqanları tərəfindən sərhədyanı ərazilərdə əməliyyat şəraiti daim nəzarətdə saxlanılır və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
Cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 3776 fakt aşkar edilib, cinayət məsuliyyətinə isə 2110 nəfər cəlb olunub. Qanunsuz dövriyyədən 4 ton 263,1 kiloqram 169,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi ilə bağlı 73 faktı aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 072 kiloqram 342,425 qram və 950 ədəd həb metadon narkotik vasitə çıxarılıb. Cinayət məsuliyyətinə 25 xarici ölkə vətəndaşı cəlb olunub ki, onlardan ümumi çəkisi 157 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr götürülüb.
Ümumilikdə, aşkarlanmış cinayətlərin 88-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 978 kiloqram 133,4 qram və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qram güclü təsir edən maddə müsadirə edilib.
Maarifləndirmə tədbirlərinin əhatə dairəsi genişləndirilib
Dövlət Proqramından irəli gələn vəzifələr nəzərə alınmaqla, narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə mübarizə və maarifləndirmə sahəsində İşçi Qrupu tərəfindən müəyyən olunan hədəf və görülən işlər aşağıdakılardır.
• Yeniyetmə və gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin gücləndirilməsi;
• antinarkotik təbliğatının səmərəliliyinin artırılması və ictimai maarifləndirmə işinin genişləndirilməsi;
• müasir informasiya texnologiyalarından istifadə etməklə maarifləndirmə fəaliyyətinin əhatə dairəsinin artırılması;
• uşaq və gənclər arasında sağlam həyat tərzinin təşviqi;
• narkotik asılılığından əziyyət çəkən şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun dəstəklənməsi;
• beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Gənclər Fondu, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Azərbaycan Milli Antidopinq Agentliyi ilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.
Əhali arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə 5 mövzuda ümumilikdə 140 ədəd maarifləndirici baner hazırlanıb və narkomanlığın xüsusi yayıldığı rayonlarda quraşdırılması təmin edilib.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar sosial şəbəkə platformalarında paylaşılıb.
Narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə "Narkotiklərə birgə yox deyək!" şüarı ilə aksiya çərçivəsində #SağlamGələcək, #AsılılığaYox, #İctimaiSağlamlıq və digər həştəqlərlə sosial şəbəkə seqmentlərində paylaşılan maarifləndirici materiallara 17 min 979 izləyici tərəfindən baxılıb.
İctimai maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədilə metrostansiyalarda, respublika üzrə şəhər (rayonların) küçə və prospektlərindəki monitorlarda, avtobus dayanacaqlarında, avtovağzallarda və digər ictimai yerlərdə maarifləndirici videoçarx və yeni maarifləndirici banerlər nümayiş etdirilir. "Narkomanlığa birlikdə yox deyək!" adlı yeni şüarın Bakı şəhərinin 10 küçə və prospektindəki elektron informasiya terminallarında nümayiş olunur.
Əlavə olaraq respublikanın 30 şəhər və rayonunda valideynlər üçün maarifləndirici tədbirlər təşkil edilib və valideynlərə narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat verilib.
Respublikanın 50 şəhər və rayonunda maarifləndirici aksiyalar təşkil olunub. Tədbirlər zamanı könüllülər tərəfindən müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə, yeniyetmə və gənclərlə görüşlər keçirilib. Görüşlərdə yeni əyani vəsaitlər paylanılaraq internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Bununla da, təkcə cari ilin yanvar-mart ayları ərzində yuxarıda qeyd olunan sosial çarxlar ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında ümumilikdə 3694 dəfə yayımlanıb, eyni zamanda, narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 28 veriliş hazırlanıb. “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial çarx ümumölkə və regional yerüstü radio yayımçılarının efirində ümumilikdə 5465 dəfə yayımlanıb.
Eyni zamanda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici və məlumatlandırıcı əyani vəsait hazırlanıb və ölkə ərazisində geniş yayılması təmin edilməkdədir.
Qeyd edək ki, 2026-cı ilin ötən dövründə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 140 tədbir (90 maarifləndirici və təşkilati tədbir, 50 maarifləndirici sosial aksiya) təşkil edilib.