İQTİSADİYYAT
Dövlət Neft Fondunun gələn il üçün gəlirləri təsdiqlənib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 milyard 990 milyon 947,2 min manat, xərcləri 11 milyard 392 milyon 336,5 min manat məbləğində təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı 29 dekabr tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Fərmanında deyilir.
Fərmanda qeyd olunub ki, Neft Fondunun 2023-cü il büdcəsinin gəlirlərinin 6 milyard 571 milyon 387 min manatı ölkəmizin payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirdən, 4 milyon 307 min manatı karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlərindən, 23 milyon 590 min manatı neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirdən, 1 milyard 590 milyon 905 min manatı Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirdən, 800 milyon 756 min manatı neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslardan formalaşır.