Dövlət Neft Şirkətinin ekologiya idarəsində 2012-ci ilin yekunları müzakirə olunmuşdur
Bakı, 15 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində 2012-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, idarənin rəisi Azər Əliyev 2012-ci il ərzində qəbul edilmiş dövlət proqramlarının icrası, ARDNŞ-in “Ekoloji Siyasət” sənədindən irəli gələn məsələlərin həlli, şirkətin fəaliyyət sahələrində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində görülmüş işlər, o cümlədən həyata keçirilmiş ekoloji tədbirlər barədə danışmışdır.
Bildirilmişdir ki, ekologiya idarəsi 2012-ci il ərzində monitorinq, laboratoriya xidmətləri, tullantıların idarə olunması, yaşıllaşdırma işləri üzrə fəaliyyətini uğurla davam etdirmişdir. ARDNŞ-in Xəzər dənizi akvatoriyasında istismar etdiyi yataqlarda aparılan monitorinqlərdə və digər quru sahələrdə dinamika öyrənilmiş, tullantıların qəbulu, onların saxlanılması və ya utilizə olunması xeyli yaxşılaşmış, tullantıların təhvili ötən illərə nisbətən bir neçə dəfə artmışdır. Belə ki, 2012-ci il ərzində “Tullantı Mərkəzi”nə 17 min 180 ton qazma şlamı, 421 ton isə istehsalat tullantısı qəbul olunmuşudur. Tullantıların həcmində 2011-ci ilə nisbətən 42 faiz, qazma şlamının miqdarında isə 8 faiz artım müşahidə edilmişdir.
Hesabat dövründə ARDNŞ-in idarə və müəssisələrinin balansında olan 5 min 204 nəqliyyat vasitəsi Ekoloji Ölçmə Mərkəzində ekoloji müayinədən keçirilmiş, ekoloji ölçmələrin nəticələrinə əsasən normalara uyğun 3 min 468 nəqliyyat vasitəsinə ekoloji emblem təqdim olunmuşdur. Aparılmış təhlillərə əsasən müəyyən olunmuşdur ki, 2012-ci ildə atmosferə atılan zərərli qazların miqdarında 2011-ci ilin nəticələri ilə müqayisədə 13,3 faiz azalma müşahidə edilmişdir. Bundan başqa, ötən il ARDNŞ-in Xəzərin Azərbaycan sektorundakı istismar etdiyi yataqlarda antropogen təsirin miqyasını müəyyənləşdirmək məqsədi ilə mövsümi olaraq “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “Günəşli”, “Gürgan Dəniz”, “Qərbi Abşeron”, “Abşeron bankası”, “8 Mart”, “Bulla Dəniz”, “Ələt-dəniz”, “Səngəçal-Duvannı-Xərə-Zirə” yataqlarında ekoloji monitorinq işləri aparılmışdır.
Sonra Ekologiya İdarəsinin struktur bölmələri tərəfindən 2012-ci il ərzində həyata keçirilmiş işlərlə bağlı hesabatlar dinlənilmişdir.
Sonda həyata keçirilən ekoloji layihələrin 2013-cü il ərzində daha da genişləndirilməsinin, bu istiqamətdə fəaliyyətin effektiv təşkil olunmasının vacibliyi vurğulanmış, görüləcək işlərin əsas istiqamətləri haqqında məlumat verilmişdir.