Dövlət Neft Şirkətinin ekologiya idarəsində atmosfer emissiyalarının inventarlaşdırılmasına başlanmışdır
Bakı, 16 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bütün istehsal sahələrində atmosferə atılaraq istilik effekti yaradan qazların, zərərli maddələrin emissiyalarının keyfiyyət və kəmiyyət göstəricilərinin təyin edilməsi hər zaman diqqət mərkəzində saxlanılmışdır. Buna görə də şirkətdə təsdiq edilmiş “ARDNŞ və ARDNŞ-in iştirak etdiyi layihələrdə səmt qazlarının azaldılması Planının və “ARDNŞ-də iqlim dəyişmələrinə təsirin azaldılması strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası müvəffəqiyyətlə aparılır. Müvafiq planlar və layihələr hazırlamaq məqsədi ilə ekologiya idarəsi tərəfindən hər il atmosfer emissiyalarının inventarlaşdırılması aparılır.
AZƏRTAC xəbər verir ki, ötən il üzrə inventarlaşdırılmaların aparılması üçün ekologiya idarəsində müvafiq struktur bölmələrin bu sahədə fəaliyyətinin effektivliyinin artırılması, operativliyinin təmin olunması məqsədi ilə əmr imzalanmışdır. İnventarlaşdırma zamanı emissiya mənbələrindən monitorinq fəaliyyətinin instrumental metodlarla həyata keçirilməsi ekoloji monitorinq, ekoloji ölçmə və tullantıların idarə olunması departamentlərinə tapşırılmışdır.
Qeyd edək ki, struktur bölmələrin fəaliyyət sahələrinə aid olan müvafiq məlumatların, monitorinq və ölçmələrin nəticələrinin toplanması, işlənməsi və ümumiləşdirilmiş hesabatın hazırlanmasında əlaqələndirmə işləri elm və texnika şöbəsi tərəfindən həyata keçirilir.