Dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə iştirak edəcək namizədlərin nəzərinə
Bakı, 16 iyun, AZƏRTAC
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə bu il martın 18-də təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.
Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq inzibati binalarından qoşulacaqlar.
DİM-dən AZƏRTAC-a bildirilib ki, 2019-cu il 17 sentyabr və 2020-ci il 13 yanvar tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 2020-ci il iyunun 12-dən başlayaraq iyunun 21-i saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün mərkəzin onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl DİM-in internet portalında yerləşdiriləcək.
Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.
Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.
Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Qeyd edək ki, elan təkrar olaraq yayımlanır və iyunun 12-də DİM-in səhifəsində yerləşdirilib.