“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib
Naxçıvan, 18 avqust (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarının iştirak etdikləri tədbiri komissiyanın sektor müdiri Arzuman İmanov açaraq dövlət qulluğuna qəbulun əsas prinsipləri və komissiyanın fəaliyyəti haqqında məlumat verib.
Seminarda komissiyanın şöbə müdiri Rafiq Nəcəfov çıxış edərək bildirdi ki, 2007-ci il mayın 31-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Bildirilib ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borclarını səmərəli yerinə yetirməyə borcludurlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermə¬məlidir. O, Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını uca tutmağa borcludur. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə çalışmalıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.