CƏMİYYƏT
Dövlət Su Ehtiyatları Agentliyi ilə “SOCAR Green” arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “SOCAR Green” arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpaolunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsini nəzərdə tutur. Memorandum, həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.