İQTİSADİYYAT
Dövlət Xidməti: Bu il keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində böyük addımlar atılacaq


Bakı, 28 sentyabr, AZƏRTAC
Bu ilin sonunadək ölkədə keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində böyük addımlar atılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli sentyabrın 28-də "Azad rəqabət mühitinin formalaşdırılmasında istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən forumda deyib.
O qeyd edib ki, artıq bu sahədə mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində layihələr hazırlanaraq hökumətə təqdim olunub. Eyni zamanda, Azərbaycan standartlaşdırma sisteminin beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması üzrə qəbul edilən Dövlət proqramının icrası nəticəsində Azərbaycan texniki tənzimləmə sisteminin qurulmasını başa çatdıracaq, həmçinin xarici ticarətin asanlaşdırılmasına və ticarət fəaliyyətinin təşviqinə böyük stimul verəcək.