DÖVLƏTİMİZİN QAÇQINLARA VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏQAYĞISI KƏLBƏCƏRLİLƏRDƏ DƏRİN RAZILIQHİSSİ DOĞURMUŞDUR
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncamı ümummillli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirildiyinin əyani təzahürüdür.
Toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir: “Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirirsiniz. Bu il fevral ayının 4-də imzaladığınız sərəncamda Bərdə rayonu ərazisində çadır şəhərciklərində müvəqqəti məskunlaşmış 149 kəlbəcərli məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınması, məcburi köçkünlərə maliyyə yardımı göstərilməsi və torpaq sahəsi ayrılması, iş yerləri açılması nəzərdə tutulmuşdur. Bu sərəncamın bizdə doğurduğu sevinc hissini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etməyiniz daha da gücləndirmişdir. Həmin proqramda Gəncə ətrafındakı rayonlarda 200 məcburi köçkün ailə üçün yeni qəsəbə salınması, Goranboy rayonunda EKO, Yevlax rayonunda Aran, Şəki rayonunda Dəmiryolu qaçqın qəsəbələrində yararsız hala düşmüş fin evlərinin əvəzinə yeni mənzillərin tikilməsi, məcburi köçkünlərin yığcam yaşadıqları yerlərdə istehsal–emal və ticarət müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması kimi mühüm sosial tədbirlərin həlli öz əksini tapmışdır”.
Müraciətdə daha sonra deyilir ki, kəlbəcərlilər bu qayğı və diqqəti yüksək qiymətləndirir, dövlətimizə, dövlətçiliyimizə, şəxsən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezidentimizə inamımızı və doğma torpaqlarımıza qayıdacağımıza ümidlərimizi daha da artırmışdır. Biz qəti əminik ki, Kəlbəcərə qələbə qayıdışı məhz Sizin rəhbərliyiniz altında uğurla həyata keçəcəkdir. Kəlbəcərlilər hər zaman Sizinlə olub və həmişə Sizə arxa olacaqdır.