Dünya birliyi azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymət verməlidir
Astara, 30 mart (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edənlər iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, bu qətliamlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişlər.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə Azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilmiş, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda erməni millətçilərinin Azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti pislənilmiş, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsi, öz doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımızın əzəli torpaqlarına qaytarılması tələb olunmuşdur.