DÜNYA ERMƏNİLƏRİN ƏSL SİLMASINI TANIMALIDIR
Kiyev, 31 mart (AZƏRTAC). Martın 31-də Kiyevdəki Səməd Vurğun adına kitabxanada ölkəmizin Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi (UAK) 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri UAK-ın sədri Akif Gülməmmədov açmışdır.
Səfirliyin müşaviri Yeganə Qafqazlı çıxış edərək erməni soyqırımı nəticəsində çoxlu azərbaycanlının şəhid olması ilə əlaqədar Azərbaycan səfiri Tələt Əliyevin adından başsağlığı vermiş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif etmişdir. O, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən, erməni cəlladlarının vəhşiliklərindən, XIX-XX əsrlərdə azərbaycanlıları əzəli torpaqlarından qovulmasından, Azərbaycan ərazisinin 20 faizinin erməni tapdağı altında olmasından danışmışdır. Müşavir 31 mart hadisələrinə siyasi-hüquqi qiymət verilməsində və bu günün ölkəmizdə Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunu diqqətə çatdırmışdır.
UAK-ın sədr müavini hacı Əbülfəz (Qasımov), Kiyevdəki diplomatik nümayəndəliyimizin müşaviri İrfan Davudov Ukraynada yaşayan həmvətənlərimizi erməniçiliyə qarşı informasiya kampaniyası aparmağa, onun üzərindən “ən qədim və sivil millət” maskasını götürməyə, bununla da dünya ictimaiyyətinə uşaqların, qadınların və qocaların qatillərinin, Azərbaycan torpaqlarının işğalçılarının əsl simasını açıb göstərməyə çağırmışlar.
Hacı Əbülfəz azərbaycanlı şəhidlərin ruhuna dualar oxumuş, Akif Gülməmmədov BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliyinə ermənilərin azərbaycanlılara qarşı soyqırımını pisləyən müraciətin layihəsini təqdim etmişdir. Müraciət soydaşlarımız tərəfindən qəbul olunmuşdur.
Kitabxananın rəflərində Heydər Əliyev Fondunun hazırladığı və ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edən mətbu və videomateriallar yerləşdirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev