DÜNYA İNFORMASİYA AGENTLİKLƏRİNİN FORUMU BAŞA ÇATMIŞDIR
İran paytaxtında dünya informasiya agentliklərinin “Sülh naminə koalisiya” mövzusunda beynəlxalq forumu başa çatmışdır.
Forumun sonuncu iş günü “Mətbuatda sülh mövzusunda dərç edilən yazıların fundamental əsasları, kütləvi informasiya vasitələrinin və hakimiyyət orqanlarının vəzifələri”, “Kütləvi informasiya vasitələri, milli demokratiya və beynəlxalq sülh”, “Mətbuatda sülh mövzusuna yer verilməsi siyasəti və ənənələri” məsələlərinə həsr edilmiş bölmə iclaslarında 60-a qədər məruzə və məlumat dinlənilmişdir.
Müzakirələrdə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məsçid Cameyi, habelə İnformasiya agentliklərinin təmsilçiləri, politoloqlar, elmi içtimaiyyətin nümayəndələri, diplomatlar, jurnalistlər çıxış etmişlər.
Daha sonra “Kütləvi informasiya vasitələri 11 sentyabr hadisələri barədə”, “Sülh və müharibə məsələlərinə yanaşmaq sahəsində xəbərlər agentliklərinin tarixi rolu”, Terrorizm məsələlərinə kütləvi informasiya vasitələrində münasibət”, “Sülh və müharibə məsələlərinə münasibətdə ikili standartlar”, “Kütləvi informasiya vasitələri və realizm”, “Milli informasiya agrentlikləri dünyada baş verən qloballaşma şəraitində” və s. mövzularda diskussiyalar keçirilmişdir.
Forum iştirakçıları müzakirə edilən məsələlərin aktuallığını, dünya informasiya agentliklərinin dövlətlər, xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində xüsusi rolu olduğunu vurğulamış, müvafiq qətnamə qəbul etmişlər.
Sabir Yusifov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran