Dünyada ən yaxşı restoran iki ildən sonra bağlanacaq
Bakı, 11 yanvar, AZƏRTAC
Kopenhagendə (Danimarka) yerləşən, dəfələrlə dünyanın ən yaxşı restoranı hesab edilmiş “Noma” restoranı 2024-cü ildən müştəri qəbulunu dayandıracaq.
AZƏRTAC “The New York Times” nəşrinə istinadla xəbər verir ki, bu iaşə müəssisəsinin baş aşpazı Rene Redzelinin sözlərinə görə, restoranın bağlanması haqqında qərar qəbul edilməsinə səbəb əməkdaşların mütəmadi olaraq normadan artıq işləməsi və əmək şəraitinin pis olmasıdır. Restoran bağlanandan sonra ondan qida laboratoriyası kimi istifadə ediləcək.
Dəfələrlə yüksək mükafatlara layiq görülmüş orijinal yeməklərin hazırlanması çox mürəkkəb və həddən artıq baha başa gələn işdir. Burada bir nəfərin nahar etməsinə azı 500 dollar xərclənsə də, bu məbləğ özünü doğrultmur. Restoranda təklif edilən yeməklər arasında, məsələn, qızardılmış maral ürəyi və arı mumundan hazırlanmış vazada zəfəran dondurma var.
2003-cü ildə açılmış “Noma” restoran Skandinaviya mətbəxi üzrə ixtisaslaşır. 2010, 2011, 2012, 2014 və 2021-ci illərdə dünyada ən yaxşı restoran hesab edilmiş “Noma” üç “Mişlen” gid ulduzuna da layiq görülüb.