Düşmənin artilleriya atəşi nəticəsində Ağdamda məktəblərə dəymiş ziyan aradan qaldırılır
Ağdam, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı bölmələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması nəticəsində məktəb binalarına da ciddi ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Ağdamda da dəyən ziyanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artilleriya atəşi nəticəsində Ağdam rayonunda 17 məktəb binasına ziyan dəymişdi. Artıq məktəblərdən 16-sında dəyən ziyan aradan qaldırılaraq dərslər bərpa olunub. Daha çox ziyan dəymiş Birinci Baharlı qəsəbə tam orta məktəbin binasında isə Təhsil Nazirliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.
İş icraçısı Xosrov Həsənov müxbirimizlə söhbətində bildirib ki, mərminin partlaması nəticəsində məktəbin 3 sinif otağı dağılmış, dam örtüyü sıradan çıxmış, məktəbə xeyli ziyan dəymişdi. Artıq dağılmış hissədə hörgü, tavan, döşəmə işləri yekunlaşıb, korpusun birinin dam örtüyü vurulub. Hazırda suvaq işləri görülür, digər korpusun damı vurulur. Təmir işlərinin mart ayında başa çatdırılması nəzərdə tutulur.