Əbu-Dabi Milli Neft Şirkəti 20,7 milyard dollar sərmayə cəlb edib
Qahirə, 24 iyun, AZƏRTAC
Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) dünyanın aparıcı infrastruktur sərmayəçiləri, suveren və pensiya fondları ilə 20,7 milyard dollarlıq sərmayə sazişi imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərmayəçilər konsorsiumuna “Global Infrastucture Partners”, “Brookfiled Asset Management”, Sinqapur Suveren Rifah Fondu (GIC), Kanadanın Pensiya Fondu, Koreya Respublikasının “MN Investment&Securities” və “Snam” qiymətli kağızlar şirkətləri daxildir. Qoyulan sərmayə ilə ADNOC-un qaz kəmərlərinin səhmlərinin 49 faizi əldə edilir.
ADNOC-un açıqlamasında qeyd olunub ki, qaz kəmərinin səhmlərinin 49 faizi sərmayəçilərə məxsus olacaq. Konsorsium çərçivəsində Əbu-Dabi şirkətinin nəzdində “ADNOC Gas Pipeline” törəmə şirkəti yaradılır. Sazişin şərtlərinə görə, sərmayəçilər 20 il ərzində qaz kəmərlərinin gəlirlərinin razılaşdırılmış hissəsini əldə edəcək, əvvəlcədən isə onlar 10 milyard dollar məbləğində avans ödəyəcək. Yeni törəmə şirkət uzunluğu 982,3 kilometr olan 38 boru kəmərini icarəyə götürür.
“ADNOC Group”un baş direktoru Sultan bin Əhməd Sultan Əl-Cabir bu sazişi regionda ən böyük investisiya layihəsi adlandırıb. O qeyd edib ki, qaz kəmərlərinin birgə istismarı Əbu-Dabi şirkəti ilə yanaşı, sərmayəçilər üçün də sabit gəlir mənbəyi olacaq.
Tərəflər sazişi videokonfrans vasitəsilə imzalayıblar. Maliyyə məsləhətçiləri qismində isə “Bank of America Securities”, “First Abu Dhabi Bank” və “Mizuho Securities” qurumları çıxış edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə